“İslahatçı Gənclər” İctimai Birliyi Türkiyənin Türk Ocaqları Gənclik Qolları ilə birgə İstanbulda “Xocalıya Ədalət” həftəsinə start verib. Həftəlik çərçivəsində “Xocalı soyqrımı-bütün Türk dünyasının dərdi” mövzusunda ilk konfrans keçirilib. Əvvəlcə Xocalıda şəhid olan insanların xatirəsi bir dəqiqəlik sükutla anılıb. Daha sonra Heydər Əliyev Fondunun istehsalı olan Xocalıdan bəhs edən film nümayiş etdirilib.
Tədbiri giriş sözü ilə açan moderator İstanbul Universiteti Hüquq fakültəsi tələbəsi Zemfira Əliyeva tədbirin mahiyyəti haqqında məlumat verərək, qonaqları təqdim edib. Z.Əliyeva eyni zamanda Xocalı faciəsinin tarixi haqqında danışıb və hadisənin soyqrım olduğunu sübut edən hüquqi əsaslardan danışıb.
Türkiyənin Türk Ocaqları Gənclik Qollarının başqanı Almıla Maraş çıxışında İslahatçı Gənclər” İctimai Birliyi ilə birgə keçirilən “Xocalıya Ədalət” həftəsinin əhəmiyyətindən söz açaraq, Azərbaycanın dərdlərinin onların da dərdi olduğunu bildirib. A.Maraş həftəlik çərçivəsində bir sıra mühüm tədbirlərin reallaşdırılacağını qeyd edərək, bu istiqamətdə təbliğat işinin daha da gücləndirilməsinin vacibliyini vurğalayıb.
“İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı Xocalı facisənin tarixi, ağır nəticələri haqqında məlumat verib. O qeyd edib ki, bu soyqırım nəticəsində 63-ü uşaq, 106-ı qadın, 70-i qoca və qarı olmaqla – 613 nəfər Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. F.Şahbazlının sözlərinə görə, erməni silahlı dəstələrinin Xocalıya hücum etməkdə əsas məqsədi Xocalı platsdarmının məhv edilməsi, bu məntəqədən keçən Əsgəran-Xankəndi yolunun boşaldılması, bölgədə olan yeganə aeroportun ələ keçirilməsi idi.
“İslahatçı Gənclər”in sədri eyni zamanda qeyd edib ki, artıq bir neçə ildir Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə dünyanın dörd bir yanında “Xocalıya ədalət” kampaniyası davam edir: “Biz Azərbaycan həqiqətlərinin, xalqımızın başına gətirilən dəhşətlərin bütün dünyaya tanıdılmasında qardaş Türkiyədən daha çox dəstək gözləyirik”.
Daha sonra İstanbul Universitetinin elmi işçisi Gökmen Kılıcoğlu, Qaziosmanpaşa Universitetinin elmi işçisi Serkan Kekevi çıxış edərək Xocalı faciəsinin XX əsrdə törədilmiş ən dəhşətli soyqrımlardan biri olduğunu diqqətə çatdırıblar. Natiqlər qeyd ediblər ki, Xocalı yalnız Azərbaycanın deyil, bütün türk dünyasının dərdidir və onu yalnız anım günlərində deyil, daima diqqətdə saxlamaq zəruridir. Çıxışçıları bildiriblər ki, qardaş ölkə olan Türkiyənin mediası və ictimaiyyəti də Dağlıq Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında səylərini daha da artırmalıdır.
“İslahatçı Gənclər” İctimai Birliyinin sədr müavini Tural Əliyev də öz çıxışında Xocalıda insanların başına dəhşətlərdən, verilən işgənclərdən söz açaraq, dünya birliyini bu soyqrıma laqeyd qalmamağa çağırıb.