1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri keçmiş SSRİ Silahlı Qüvvələrinin 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərinə hücum etdi. Əliyalın Xocalı sakinlərinə hücum nəticəsində 613 nəfər, o cümlədən 83 uşaq, 106 qadın, 70 qoca qətlə yetirilib. 8 ailə bütövlükdə öldürülüb, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. 487 nəfər yaralanıb, 1275 nəfər girov götürülüb. Girovların 150 nəfəri barədə hələ də məlumat yoxdur.Bu il Xocalı faciəsindən 20 il ötür. Bu qanlı tarix hər il dünya azərbaycanlıları tərəfindən anılır, Xocalı soyqırımının qurbanlarının əbədi xatirəsi yad edilir. Bu il də dünyanın əksər ölkələrində Xocalı qurbanlarının xatirəsinə həsr olunmuş müxtəlif tədbirlər, anım mərasimləri təşkil olunacaq. Fevralın 26-da Türkiyənin Taksim Meydanında isə Xocalı faciəsi ilə bağlı kütləvi aksiya keçiriləcək. Aksiyanın son 20 ildə türk milləti tərəfindən keçirilən ən böyük aksiya olacağı gözlənilir.Türkiyədəki qan qardaşlarımız, «Xocalı üçün Taksimə yürüş edirik» devizi ilə keçiriləcək aksiya saat 14:00-16:00 baş tutacaq. Aksiyada təşkilatçılar və iştirakçılar «Bir millət, iki dövlət», “Hər birimiz xocalılıyıq!, hər birimiz Mehmetik!”, «Xocalıya ədalət» şüarları səsləndirəcəklər. Aksiyada Xocalıda baş vermiş hadisənin soyqırım kimi tanıması da vurğulanacaq.Türkiyə ilə Azərbaycan əlaqələrinə kimsə əngəl ola bilməyəcək Millət vəkili Qənirə Paşayeva Azərbaycanla Türkiyə arasında mövcud olan əlaqələrin dünyada bir örnək olduğunu, qardaş ölkələr arasında əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyini bildirib: “Hər iki ölkə hədəfə doğru ortaq hərəkət edir. Bütün bunları görmək istəməyən və ya qısqanan güclər qardaş ölkələr arasındakı münasibətlərə kölgə salmağa, ölkələrimizin arasını pozmağa çalışırlar. Fevral ayının 26-da Türkiyənin “Taksim” meydanında Xocalı ilə bağlı mitinq keçirməyi planlaşdırılır. Xocalı qətliamı günü, “Taksim” meydanında “Hamımız Xocalılıyıq” adı altında keçiriləcək aksiya bizi bu məsələdə bərabər olduğumuzu göstərəcək. Hesab edirəm ki, Türkiyə ilə Azərbaycan əlaqələri daha da inkişaf edəcək və buna kimsə əngəl ola bilməyəcək”. Ankaradakı Paris prospekti Xocalı prospekti adlandırılsın!Türkiyə Böyük Millət Məclisinin üzvü, Türkiyə-Azərbaycan Dərnəyinin sədri Sinan Oğan bildirib ki, aksiya hər hansı bir dərnəyin, şəxsin və qurumun deyil, Türk millətinin və minlərdə adsız qəhrəmanlarımızın təşkilatçılığı ilə keçiriləcək: “Mitinqin keçirilməsində məqsəd 26 fevral 1992-ci ildə Azərbaycanın Xocalı şəhərində ermənilərin törətmiş olduğu soyqırıma bütün dünyanın diqqətini cəlb etmək və bu vəhşiliyi soyqırımı olaraq tanıtmaqdır. Mitinqdə türk millətinin liderləri, Azərbaycan, Türkiyə və dünyanın bir çox ölkələrindən olan vətəndaş cəmiyyətinin nümayəndələri, millət vəkilləri iştirak edəcəklər”.Erməni vandalizminin ən son izlərinin 20 il əvvəl Azərbaycanın Xocalı şəhərində qaldığını vurğulayan S.Oğan xarici ölkələrdə Türkiyə əleyhinə “soyqırım” ittihamları səsləndirildiyi bir şəraitdə Türkiyə Böyük Millət Məclisi bu qətliama siyasi qiymət verməli olduğunu deyib. O bildirib ki, Azərbaycan Respublikasının Milli Məclisi bu qətliamı soyqırımı kimi tanıdığı kimi, Türkiyə parlamentinin də soyqırımı tanımasını istəyirik: “Artıq bu məsələ ilə bağlı Türkiyə parlamentə müvafiq qanun layihəsi təqdim olunub. Türkiyə parlamentinə təqdim olunan qanun layihəsində Xocalıda ermənilərin törətdiyi qətliamın soyqırımı kimi tanınmasının zəruriliyi əsaslandırılıb. 26 fevralın Türkiyədə “Xocalı soyqırımı qurbanlarının xatirəsini anma günü” elan olunması təklif edilib. Qanun layihəsində ölkənin böyük şəhərlərində Xocalı soyqırımı qurbanlarının xatirəsinə abidələrin ucaldılması, Ankaradakı Paris prospektinin Xocalı prospekti adlandırılması, De Qol prospektinə isə Xocalı qurbanlarından birinin adı verilməsi təklifləri də əksini tapıb”.S. Özğan bildirib ki, aksiyaya bütün xalqımız, dərnəklərimiz dəvətlidir.Xaricdə təhsil alan məzunlar aksiyaya hazırlaşır Taksimdə keçiriləcək aksiyaya xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumunda da ciddi hazırlıq gedir. Forumun sədri Orxan Əkbərov bildirib ki, Taksim meydanında Xocalı faciəsini iyirminci ildönümünə həsr olunan böyük yürüş-aksiyaya Türkiyə Azərbaycan Dərnəyi də qoşulacaq: “Aksiya Türkiyənin bütün şəhərlərindən olan azərbaycanlı və türkiyəli gəncləri əhatə edəcək. Tələbə-gənclər aksiyada dünyaya türkün gücünü əks etdirəcək mesajlar göndərəcək.Taksim meydanında keçiriləcək yürüş-aksiyada Azərbaycanı sevən türkiyəli qardaşlarımız, həmçinin Avropa ölkələrində və dünyanın bir çox yerində Vətən sevgisi ilə yanan ürəklər 26 fevral 2012 tarixində İstanbulda Taksim meydanında Xocalı qətliamında şəhid olan həmvətənlərimizin əziz xatirələri üçün birləşəcək. Çalışacağıq ki, bu soyqırım Türkiyə Böyük Millət Məclisində öz hüquqi statusunu alsın və tanınsın. Əminəm ki, bu qanun müzakirəyə çıxarılsa mütləq qəbul olunacaq”. O. Əkbərov Türkiyədəki Kütləvi İnformasiya Vasitələriylə (KİV) danışıqlar aparacağını bildirib: “Xocalı həqiqətlərini dünyaya çatdırmaq mətbuat vasitəsi ilə çıxışlar edəcəyik. Bununla belə, aksiya haqqında yenilənən məlumatları Facebook-da “Azərbaycan- Türkiyə, Hocalı için tək yürək!” tədbirinə qatılaraq və ya twitter-də @hepimizhocalili adını izləyərək əldə etmək mümkün olacaq”.