İsveçrə vətəndaşları bazar günü ölkə əhalisinin 2050-ci ilə qədər 10 milyon nəfərlə məhdudlaşdırılmasını nəzərdə tutan təklif üzrə səsvermədə iştirak ediblər.
Bu barədə Reuters məlumat yayıb.
Təklif sağçı İsveçrə Xalq Partiyası (SVP) tərəfindən irəli sürülüb. Partiya hesab edir ki, sürətli əhali artımı ölkənin infrastrukturuna, mənzil bazarına, sosial xidmətlərə və təbii resurslarına əlavə yük yaradır.
Təşəbbüsə əsasən, İsveçrənin daimi əhalisi 2050-ci ilə qədər 10 milyon nəfəri keçməməlidir. Hazırda ölkədə təxminən 9,1 milyon nəfər yaşayır və proqnozlara görə, əhali sayının 2040-cı illərin əvvəllərində 10 milyona çatacağı gözlənilir.
Layihədə qeyd olunur ki, əhalinin sayı 9,5 milyona çatdıqdan sonra hökumət immiqrasiya qaydalarını sərtləşdirməlidir. Bu dəyişikliklər əsasən sığınacaq verilməsi və ailələrin birləşməsi qaydalarına təsir göstərə bilər. Əhalinin sayı 10 milyonu keçərsə, hökumət əhali artımına təsir edən beynəlxalq sazişlərə yenidən baxmalı olacaq. Buraya Avropa İttifaqı ilə insanların sərbəst hərəkəti haqqında razılaşma da daxildir.
İsveçrə hökuməti və parlamenti isə təşəbbüsə qarşı çıxır. Onlar hesab edirlər ki, bu addım iqtisadiyyata zərər verə, ixtisaslı işçi qüvvəsinin çatışmazlığına səbəb ola və Avropa İttifaqı ilə münasibətləri çətinləşdirə bilər. Bir sıra iri şirkətlər də referendumun mümkün nəticələrindən narahatdır.
Referendumun nəticələri İsveçrənin gələcək immiqrasiya siyasətinə və Avropa ilə münasibətlərinə ciddi təsir göstərə bilər. Bəzi müşahidəçilər bu səsverməni ölkənin son illərdə keçirdiyi ən mühüm siyasi qərarlardan biri kimi qiymətləndirirlər.











































