Deputat: “Ümummilli liderlə bağlı qanunun hazırlanması üçün mənim də fikirlərim var”
Milli Məclisin ötən iclasında birinci oxunuşdan keçən “Azərbaycan Respublikasının keçmiş prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında Konstitusiya qanunu” layihəsi sabah parlamentdə yenidən deputatların müzakirəsinə çıxarılacaq.
Qeyd edək ki, eks-prezidentlərlə bağlı bu sənədə rəğmən Milli Məclisin xeyli sayda deputatı ayrıca olaraq “Ümumilli lider haqqında” qanunun da qəbul edilməsi təklifini irəli sürüb.
Həmin deputatlar Azərbaycan dövlətinin oturuşmasında, eləcə də onun inkişafında mərhum dövlət başçısı Heydər Əliyevin rolunun əvəzsiz olduğunu, onun digər prezidentlərlə müqayisəolunmazlığını önə çəkərək belə bir sənədin qəbulunun zəruriliyini qeyd ediblər.
Deputat Jalə Əliyevabildirib ki, hələ 2011-ci ilin fevral ayında Milli Məclisin yaz sessiyasında bu məsələ gündəliyə gəlib: “O zaman eks-prezidentlər haqqında qanunun hazırlanmasının vacibliyindən daha çox bu məsələ, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev haqqında qanunun hazırlanmasının vacibliyi vurğulandı. Məhz Heydər Əliyevin şərəf və ləyaqətinin toxunulmazlığının, eyni zamanda irsinin qorunması və gələcək nəsillərə ötürülməsi üçün ayrıca bir qanunun hazırlanmsı zəruri bir məsələ olaraq ötən iclaslarda da səsləndirilib. Bu da onunla bağlıdır ki, ötən il Türkiyədə bir kitab nəşr olundu. O kitaba Azərbaycan ictimaiyyəti, ziyalılarımız, siyasətçilərimiz öz haqlı iradlarını bildirdilər. Qeyri-obyektiv, qeyri-dəqiq, heç bir tarixi əsaslara söykənməyən iddaların sonradan da təkrarlanmaması üçün ən azından belə bir qanunun olması vacibdir. Bu baxımdan 2011-ci ilin fevral ayında cari məsələlər müzakirə olunarkən bu məsələ də ortalığa gəldi. Həmin gün bu məsələ ətrafında çıxış edən Yeni Azərbaycan Partiyasından olan millət vəkili Mübariz Qurbanlı, Ana Vətən Partiyasından Fəzail Ağamalı və mən öz fikirlərimizi bildirdik”.
Deputat digər eks-prezidentlərdən fərqli olaraq Heydər Əliyev barədə ayrıca qanunun hazırlanmasının vacibliyini belə əsaslandlırıb: “Sabah Milli Məclisdə eks-prezidentlərlə bağlı qanun layihəsi ikinci oxunuşda müzakirə olunacaq. Hesab edirəm ki, bu qanunla bərabər, yaxud da daha sonra xüsusi olaraq Heydər Əliyev haqqında bir qanun hazırlanmalı, müzakirə edilib təsdiqlənməlidir. Heydər Əliyev nəinki Azərbaycanda, heç dünya səviyyəsində heç bir sabiq prezidentlə, heç bir rəhbərlə, müqaisə edilə bilməyəcək dərəcədə böyük bir zirvəyə, ağırlığa, nüfuza sahib olan şəxsiyyətdir. Azərbaycan xalqı qarşısında etdikləri həqiqətən də onu lider, öndər səviyyəsinə yüksəldib. Təbii ki, xalq da öz öndərini bütun dövrlərdə, bütun tarixi şəraitlərdə qorumaq əzmindədi və onu qoruyacaq. Bunun üçün mütləq Heydər Əliyev haqqında ayrıca olaraq bir qanunun olması çox əhəmiyyətlidir. Bu fikri böyük əksəriyyət dəstəkləyir. Yeni Azərbaycan partiyası bununla bağlı bir işçi qrupu yaratmağı da düşünür. Əgər belə bir işçi qrup yaranarsa, mən də böyük məmnuniyyətlə onun tərkibinə daxil olaram. YAP-nın üzvü olmasam da, müstəqil bir millət vəkili kimi bu arzudayam. Çünki mənim də bu qanunun hazırlanması ilə bağlı öz fikirlərim var”.
Jalə Əliyeva bildirib ki, o, Heydər Əliyevlə bağlı qanun layihəsinin hazırlanması istiqamətində müəyyən addımlar atıb və hətta sənədin bəzi konturlarını da müəyyənləşdirib.
“Bir millət vəkili olaraq bu istiqamətdə müəyyən işlərə başlamışam. Sənədin bəzi konturları da artıq hazırdır. Amma qanun layihəsinin daha təkmil variantı üçün təbii ki, ekspertlərlə müzakirələr, məsləhətləşmələr vacibdir. Hazırda da bu istiqamətdə işlər görülür. Hesab edirəm ki, ümumilli lider Heydər Əliyev irsinin yaşadılması, onun gələcək nəsillərə ötürülməsi üçün hər kəs əlindən gələni etməlidir. Bu bizim mənəvi borcumuzdur”.
//modern.az