Fevralın 28-də regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı dövlət proqramına həsr olunmuş konfransda danışan prezident İlham Əliyev ölkənin uğurla inkişaf etdiyini vurğulayıb: “Dünyada neftlə zəngin olan kifayət qədər çox ölkə var. Bizdən qat-qat çox neft, qaz hasil edən, ixrac edən ölkələr var. Ancaq heç də hər bir ölkədə iqtisadi inkişaf bizdəki kimi sürətli deyil. Uğurlarımızın təməlində düşünülmüş iqtisadi siyasətdir, iqtisadi islahatlardır”.Daha sonra İlham Əliyev bəyan edib ki, Azərbaycanda sahibkarların inkişafı üçün hər cür şərait yaradılıb. O, sahibkarlardan vergiləri vaxtında ödəməyi, iş yerləri açmağı, bunun müqabilində varlanmaları, daha zəngin həyat yaşamaları üçün bütün imkanlar yaradıldığını deyib.Azərbaycanın uğurlarından bəzilərinin əndişələnməsini təbii sayan Prezident əlavə edib ki, ölkəmizin günü-gündən artan nüfuzu bir çoxlarının gözünü deşir.
Qaynar.info-ya açıqlamasında Millət vəkili, professor Jalə Əliyeva bildirdi ki, strateji və düşünülmüş siyasət nəticəsində Azərbaycan böyük uğurlar əldə edib: Ortada dünya təcrübəsi var. Bəli, cənab Prezident çox düz vurğuladı ki, elə neft ölkələri var, bizdən daha çox neft hasil edir, dünya bazarına daha çox qara qızıl çıxarır, amma həmin ölkələrin vətəndaşları səfalət içində yaşayırlar. İnsanlar demokratiyanın olmamasından, söz azadlığının boğulmasından əziyyət çəkirlər. Amma Azərbaycan düşünülmüş, məqsədyönlü, balanslaşdırılmış və ağıllı siyasətin nəticəsində təbii sərvətimizi insan kapitalına çevirərək, davamlı sosial-iqtisadi inkişafa nail olub. Hətta deyərim ki, aparılan uğurlu siyasət dünyada bir “Azərbayca modeli”ni yaradıb və müşahidə etsək görərik ki, bir sıra dvlətlər də bizim yolumuzla gedirlər”.
Prezidentin sahibkarlara yönəlik müraciətini yüksək dəyərləndirən Millət vəkili hesab edir ki, dövlətçilik maraqlarına xidmət edən hər bir məmur Prezidentin bu açıqlamasından ibrət götürməlidir: “Cənab Prezidentin sahibkarlara səslənməsi, onlara hər cür imkan yaradılması haqqında təlimatları mənə ulu öndər Heydər Əliyevin təxminən 15 il öncə keçirdiyi müşavirəni xatırlatdı. O zamanlar Azərbaycana xarici investorlar təşrif buyururdu və bəzi hallarda onlara maneələr yaradılırdı. Ulu öndər bununla bağlı keçirdiyi müşavirədə açıq şəkildə bəyan etdi ki, həmin xarici sərmayəçilər bizim üçün çalışır və onlara bütün imkanlar yaradılmalıdır. İlham Əliyevin son müşavirədə söylədikləri də mənə məhz ulu öndərin sözlərini xatırlatdı. Bəli, bu gün Azərbaycanda sahibkarlıq inkişaf edir, azad rəqabət mühiti var. Təssüf ki, bəzi hallarda sahibkarlara süni maneələr yaradan məmurlar da var. Prezidentin onlara xitabən belə bir açıqlama verməsi, həm də layiqli mesaj sayıla bilər. Hesab edirəm ki, dövlətinə, millətinə bağlı hər bir məmur Prezidentin son açıqlamasından ibrət götürməlidir”.