Rusiyada daha bir falçı peyda olub. Bu, Rusiya prezidentliyinə namizəd, Rusiya Liberal Demokrat Partiyasının (LDPR) lideri Vladimir Jirinovskidir. Vladimir Jirinovski dünən Moskvanın Puşkinski meydanında azsaylı tərəfdarlarının qarşısında mitinqdə çıxış edərkən bu yay İran ətrafında üçüncü dünya müharibəsi başlaya biləcəyini qeyd edib. Belə ki, Jirinovsi Suriya ilə məsələ birdəfəlik həll ediləndən sonra İrana hərbi müdaxilə olacağını iddia edib. LDPR liderinin sözlərinə görə, bundan sonra Azərbaycan Dağlıq Qarabağa hücuma keçəcək. Vladimir Jirinovskinin iddialarına görə, bu məsələdə Türkiyə Azərbaycana yardım edəcək."Suriya əzilən kimi, İrana da zərbə endiriləcək. Azərbaycan dərhal bundan Dağlıq Qarabağı yenidən ələ keçirmək üçün istifadə edəcək. Ermənistan buna qarşı çıxacaq, Türkiyə isə Azərbaycanın tərəfində olacaq. Beləliklə də, 2012-ci ilin yayında ölkəmizi müharibəyə cəlb edə bilərlər" - Vladimir Jirinovski belə deyib. Liberal-demokratların lideri həmçinin vurğulayıb ki, Rusiya məhz buna görə öz cənub sərhədlərini qorumalıdır.