Jurnalistika fakültəsinin ilk dekanının 90 illik yubileyi keçirilib

GƏNCLİK
17:01 21.04.2011
1808
Tədbiri açan rektor, akademik Abel Məhərrəmov Nurəddin Babayevin 90 illik yubileyinin jurnalistika fakültəsinin təşəbbüsü ilə keçirildiyini bildirib və təşkilatçılara minnətdarlığını çatdırıb. Qeyd edib ki, Nurəddin müəllim böyük ensiklopedik biliyə və geniş erudisiyaya malik olan alim, xeyirxahlığı, insanpərvərliyi, sadəliyi, vətənpərvərliyi ilə qəlblərdə özünə əbədi heykəl ucaltmış böyük bir müəllim idi. BDU-nun tarixində jurnalistika fakültəsinin özünəməxsus rolundan danışan rektor, fakültəyə müxtəlif dövrlərdə rəhbərlik etmiş dekanlardan, xüsusilə də onun ilk dekanı olmuş Nurəddin Babayevin fəaliyyətindən bəhs edib. Akademik Abel Məhərrəmovun sözlərindən məlum olub ki, professor Nurəddin Babayevin dövründə universitetdə təhsilin keyfiyyəti yüksəlib, elmə maraq artıb, tələbələrə müəllim qayğısı çoxalıb.

Jurnalistika fakültəsinin dekanı, professor Yalçın Əlizadə böyük alimin mənalı və şərəfli ömür yolundan, elmi fəaliyyətindən bəhs edib, onun milli ideallara bağlı nəcib şəxsiyyət olduğunu vurğulayıb. Professor Nurəddin Babayevin həmişə öz həmkarlarına və tələbələrinə yaradıcılıq nümunəsi göstərdiyini deyən dekan əlavə edib ki, o, jurnalistikada nəzəri fikir daşıyıcısı olmaqla bərabər, davamlı olaraq yerli və xarici mətbuatda çıxışlar etmiş, idman dili ilə desək oynayan məşqçi olmuşdur: «Nurəddin müəllim 1500-dən çox publisistik məqalənin müəllifidir. Soruşanda ki, yazılarınız necə doğulur, deyərdi: "Çox çətinliklə! Düz 45 ilə yaxındır ki, çap olunuram. Lakin bir məqaləni belə asan və zəhmətsiz yazmamışam. Bunun da səbəbi var: jurnalistlik-yaradıcılıq aləmidir. Yaradıcılıq isə narahatçılıq, yuxusuz gecələr, axtarış, tapıntı deməkdir... Mən bir jurnalist kimi hər bir yazının üzərində bu vəhdətə nail olanadək işləyirəm, çox işləyirəm. Nə dərəcədə müvəffəq oluram, bunu oxuculardan soruşmaq lazımdır". Y.Əlizadə bildirib ki, oxucular isə Nurəddin Babayevin istər müəllimlik, istərsə də jurnalistlik və ictimai fəaliyyətini Azərbaycan jurnalistikasının poeziyası kimi qiymətləndirirdilər. Natiq Nurəddin Babayevin Azərbaycanda ali jurnalistika təhsilinin inkişafı yolunda xidmətlərindən biri kimi nəzəri hazırlığın daha geniş və davamlı şəkildə təcrübi bazaya söykənməsi sahəsində gördüyü işləri qeyd edərək, istər kafedra müdiri, istərsə də dekan işlədiyi dövrlərdə, tələbələrin qəzet redaksiyalarına, ekran və efir məkanına daha sıx və müntəzəm bağlılığının tərəfdarı olduğundan və bu sahədə əməli addımlar atmasından danışıb.

BDU-nun kafedra müdiri, professor İzzət Rüstəmov Nurəddin Babayevin oçerklərindən nümunələr gətirib, yazıları ilə sevməyi, sevginin paklığını aşıladığını qeyd edib, işıqlı, nurlu həyat yolundan danışıb.

“Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov isə professorun insani keyfiyyətlərindən bəhs edib. Unikal, təvazökar, humanist, yüksək mənəviyyatlı şəxsiyyət kimi xarakterizə etdiyi Nurəddin Babayevin həyatında, formalaşmasındakı xidmətlərindən danışıb.

OXŞAR XƏBƏRLƏR