Jurnalistika üzrə magistraturaya qeydiyyatı başlandı

Jurnalistika üzrə magistraturaya qeydiyyatı başlandı
Bütün Xəbərlər
12:39 04.04.2014
403

Bakalavrlar aprel ayının 4-dən 10-dək qeydiyyatdan keçməlidirlər

“Jurnalistika” ixtisası üzrə magistratura ixtisaslaşmalarına qəbul olunmaq istəyən bakalavrların nəzərinə. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından AZXEBER.COM-a verilən məlumata görə, ali təhsil müəssisələrinin magistratura səviyyəsinin jurnalistika ixtisaslaşmalarını seçmək istəyən bakalavrların qeydiyyatına başlanılıb.
Qeydiyyatda qəbul imtahanının birinci mərhələsində 50 və daha çox bal toplayaraq müsabiqə şərtlərini ödəyən və imtahanın ikinci mərhələsinə buraxılan bütün bakalavrlar bitirdikləri bakalavr ixtisaslarından asılı olmayaraq iştirak edə bilərlər. “Jurnalistika” ixtisası üzrə magistratura ixtisaslaşmalarına qəbul olunmaq istəyənlər aprel ayının 4-dən 10-dək TQDK-nın internet saytında müvafiq səhifədə jurnalistika üzrə ixtisaslaşmalara qəbul olunmaq istəyən bakalavrların qeydiyyatı üçün nəzərdə tutulmuş bölməyə daxil olaraq anket sorğusunu doldurmaqla qeydiyyatdan keçməlidirlər. Anket sorğusunun bütün bəndləri Azərbaycan dilində, yığcam şəkildə doldurulmalıdır. Anket sorğusunu doldurmaqla qeydiyyatdan keçən bakalavrlar TQDK tərəfindən elan edilən vaxtda “Bakalavrın qabiliyyət imtahanına buraxılış vərəqəsi”ni çap edərək qabiliyyət imtahanında iştirak etməlidirlər.
Qabiliyyət imtahanından uğurla keçən bakalavrlar imtahanın ikinci mərhələsində 44 saylı jurnalistika proqramı üzrə imtahan verərək inşa (esse) yazırlar. Bu mərhələ üzrə və ümumi müsabiqə şərtini ödəyən bakalavrlar ixtisaslaşma seçimi zamanı jurnalistika üzrə ixtisaslaşmaları seçə bilərlər.
Bakalavr TQDK tərəfindən müəyyənləşdirilən vaxtda qabiliyyət imtahanına gələrkən özü ilə aşağıdakı sənədləri gətirməlidir:
1) şəxsiyyətini təsdiq edən sənədi;
2) “Bakalavrın qabiliyyət imtahanına buraxılış vərəqəsi”ni;
3) özünün dövri mətbuatda, radio və televiziyada, internet KİV-lərdə yayımlanmış jurnalistika üzrə yazılarını.
Bakalavr qabiliyyət imtahanına gələrkən dövri mətbuatda, radio və televiziyada, internet KİV-lərdə yayımlanmış jurnalistika üzrə yazılarını (radio və televiziyada yayımlanmış çıxışlarının disk yazılarını) da qovluqda Qabiliyyət imtahanı komissiyasına təqdim etməlidir. Dövri mətbuatda, radio və televiziyada, internet KİV‑lərdə yayımlanmış jurnalistika üzrə yazıları (çıxışları) olmayan bakalavrlar da anket sorğusunu dolduraraq qeydiyyatdan keçməklə qabiliyyət imtahanında iştirak edə bilərlər.
Qabiliyyət imtahanında hər bir bakalavra təxminən 30 dəqiqə vaxt ayrılır. Hər bir bakalavr bilet çəkməklə komissiya üzvlərinin qarşısında imtahan verir. Redaksiya tapşırığı yazılı formada yerinə yetirilir. Hər bir biletin quruluşu təxminən aşağıdakı kimi olur:
1. Bakalavrın dövri mətbuatda, radio və televiziyada, internet KİV-lərdə yayımlanmış jurnalistika üzrə yazılarına baxış və onların təhlili, aşağıda təqdim edilmiş ədəbiyyat (mənbələr) çərçivəsində şıfahi müsahibə;
2. Bakalavrın ona imtahanda təqdim edilən mətbuat materialını təhlil etməsi;
3. İmtahanda verilmiş redaksiya tapşırığının bakalavr tərəfindən yerinə yetirilməsi.
OXŞAR XƏBƏRLƏR