Son illər Azərbaycanda bir çox dövlət qurumlarının mətbuatla münasibətində bir canlanma yaransa da, hələ də ictimai rəyi nəzərə almayan və öz fəaliyyətini qapalı şəkildə quran dövlət qurumları mövcuddur.
AZXEBER.COM dövlət qurumları ilə ictimaiyyətin münasibətlərinin qurulmasında cavabdeh olan mətbuat xidmətlərinin fəaliyyəti ilə bağlı araşdırma yazılarını davam etdirir.
Bu dəfə ölkənin aparıcı mətbuat orqanlarında çalışan jurnalistlər Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun mətbuat xidməti və qurumun rəhbəri Aynur Həsənzadənin fəaliyyəti ilə bağlı təəssüratlarını AZXEBER.COM-a bölüşüblər:
Elməddin Muradlı ("Üç nöqtə" qəzeti):
“Mən belə bir adda adamın fəaliyyətindən xəbərim yoxdur. Amma ara-sıra fondun layihələri ilə bağlı bizə informasiyalar daxil olur. Biz də gənclərə dəstək olaraq bu informasiyaları yayımlayırıq. Lakin bu informasiyaları kim göndərir və göndərilməsinə kimin rəhbərlik etməsi ilə bağlı heç bir məlumatım yoxdur”.
Azər Niftiyev (müstəqil jurnalist):
“Hesab edirəm ki, Azərbaycan Respublikası Prezidenti yanında müxtəlif sahələrin inkişafına xidmət edən fondların yaradılması, o cümlədən Gənclər Fondunun yaradılması mütərəqqi hadisədir. Məhz bu fondun yaradılmasından sonra Azərbaycan gəncliyi kreativ ideyaların yayılması istiqamətində bir şans qazanıb. Düşünürəm ki, fondun rəhbərliyinin, xüsusən də sədr Fərhad Hacıyevin fəaliyyəti müsbət qiymətləndirmək olar. Amma bununla yanaşı, fondun rəhbərliyində təmsil olunan bəzi şəxslərin ağayana rəftarı, “Burada mənəm Bağdadda kor xəlifə” misalı ilə gənclərə yanaşması olduqca mənfi tendensiyadır. Fondun fəaliyyətində daha bir mənfi məqam isə qurumun ictimaiyyətlə təmasdan yayınması və bu sahəyə cavabdeh olan Aynur Həsənzadəni nəinki jurnalistlərin, hətta onun özünün belə jurnalistləri tanımaması biabırçı məqamdır. Düşünürəm ki, fondun rəhbəri Fərhad Hacıyev biz jurnalistlərin də mövqeyini nəzərə alaraq, Aynur Həsənzadənin fəaliyyətinə yenidən baxacaq və rəhbərlik etdiyi qurumun ictimaiyyətlə təması istiqamətində zəruri atdımlar atacaq”.
Əfsələddin Ağalarov (Azxeber.com portalı):
“Mən bu xanımın adını eşitmişəm. Amma onu deyə bilərəm ki, bu xanımın fəaliyyəti tamamilə qüsurludur. Mətbuatla əlaqəsi olmayan və mətbuat nümayəndələri ilə danışıq tərzini belə öyrənə bilməyən qeyri-peşəkar insanların belə bir quruma mətbuat katibi gətirilməsi Gənclər Fondunun fəaliyyətinə çox böyük zərbədir”.
İntiqam Valehoğlu (Aznews.az saytı):
“Düşünürəm ki, bu qurumun fəaliyyəti də onun mətbuat xidmətinin fəaliyyəti kimi göz önündədir. Mən hər gün jurnalist olaraq müxtəlif dövlət qurumlarının mətbuat xidmətləri ilə müntəzəm əlaqə saxlayır, onlardan informasiya əldə edirəm. Ancaq Gənclər Fondunun mətbuat xidmətinin mövcudluğu haqqında heç bir məlumatım olmayıb. Bu mənim üçün yenilik oldu”.
Fərahim İlqaroğlu (Yeni Müsavat qəzeti):
"Belə bir adamın adını ilk dəfə sizdən eşidirəm. Mən inanmıram ki, bizim redaksiyada kimsə bu adamın varlığında xəbərdar olsun".
Zaur Rəsulzadə (haqqın.az portalı):
“Mən gənclərlə işləmirəm və bu səbəbdən nə fondun, nə də onun fəaliyyəti ilə bağlı heç bir şey deyə bilmərəm”.
Seymur Verdizadə (Jurnalist Ekspert Mərkəzi):
“Xeyir, bu adda adam tanımıram və fondla heç vaxt əməkdaşlıq etməmişəm”.
Məhəmməd Ərsoy (Dia.az saytının rəhbəri):
“Belə adda adam tanımıram. Onun fəaliyyətindən də xəbərim yoxdur”.
Qafqaz Ömərov (İnterpress.az saytı):
“Ümumiyyətlə bu adda mətbuat xidmətinin rəhbəri olan bir şəxs tanımıram”.
Elvin Paşazadə (müstəqil jurnalist):
"Bu xanımı qiyabi tanıyıram. Bu xanım müğənni və ya aktrisa olsaydı daha yaxşı olardı. Onun mətbuat katibi kimi isə fəaliyyəti demək olarki yoxdu"
Cavidan Abdullayev (Milli.az saytı):
“Sözün düzü deyim ki, mən də heç bu fondun xəbərlərini görməmişəm. Ona görə də onun mətbnuat katibinin varlığından heç xəbərim də yoxdur”.
Zaur Əhməd (Mia.az portalı):
“Tanımıram. Heç onun fəaliyyəti ilə bağlı hansısa bir jurnalist həmkarlarımdan da bir söz eşitməmişəm”.
Anar Əhmədov (Axar.az portalı)
“Bu adda mətbuat katibini tanımıram”.
Günel ŞükürovaAZXEBER.COM