Strasburqda AŞ PA-nın payız sessiyası çərçivəsində xüsusi dinləmələrdə jurnalistlərin zorakılıqdan və azad mətbuatın təzyiqlərdən müdafiəsi məsələləri müzakirə olunub. “Turan”ın məlumatına görə, dinləmələrdə AŞ-nin insan hüquqları üzrə komissarı Tomas Hammerberq və ATƏT-in KİV azadlığı üzrə xüsusi nümayəndəsi Dunya Miyatoviç iştirak edib.
Bir çox beynəlxalq jurnalist təşkilatlarının nümayəndələrinin, AŞ PA deputatlarının və sessiyanın işini işıqlandıran müxbirlərin iştirak etdiyi diskussiya rusiyalı jurnalist, “Novaya qazeta”nın müxbiri Anna Politkovskayanın qətlə yetirilməsinin 5-ci ildönümünə həsr olunub. Dinləmələri açan Hammerberq Politkovskayanın və digər jurnalistlərin - Azərbaycanda Elmar Hüseynovun, Ukraynada Georgi Qanqadzenin, Türkiydə Qrant Dinkin qətlini son illər azad mətbuatda baş verən ən hay-küylü, dəhşətli qətl adlandırıb. O, təəssüflə qeyd edib ki, yalnız bir halda cinayətin icraçısı cəzalandırılıb. Qalan hallarda icraçılar və sifarişçilər azadlıqda qalır. “Novaya qazeta”nın baş redaktorunun müavini Sergey Sokolovun fikrincə, jurnalistlərin qətlə yetirilməsinin üstü açılmır, çünki bunun arxasında hakimiyyətlə bağlı adamlar dayanır: “Əgər hakimiyyətlə bağlıdırsa, deməli, böyük pullara və kriminala bağlıdır”. ATƏT-in KİV azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç bildirib ki, jurnalistlər həqiqəti yazdıqlarına görə onları öldürürlər. “Hakimiyyət ən çox jurnalistlərdən qorxur, çünkü həqiqətdən qorxur”, - o vurğulayıb. Onun fikrincə, jurnalistləri KİV özü və vətəndaş cəmiyyəti müdafiə edə bilər. “Turan”ın “Elmar Hüseynovun qətlində şübhəli bilinənlərin verilməsi ilə bağlı beynəlxalq təşkilatlar Azərbaycan və Gürcüstan hakimiyyətilə qarşılıqlı münasibətlərə təsir göstərə bilərmi? sualının cavabında Hammerberq Bakı və Tiflis arasında razılığın əldə olunmasında Aİ praktikasından istifadənin mümkünlüyünü qeyd edib. Hammerberqin fikrincə, jurnalistlərin qətli kimi ictimai əhəmiyyət daşıyan cinayətlərin araşdırılmasında bu cür əməkdaşlıq xüsusilə vacibdir. Miyatoviç isə qeyd edib ki, ATƏT-in Vilnüsdə xarici işlər nazirləri şurasının sammitinə jurnalistlərin təhlükəsizliyinə dair tövsiyələrlə bağlı sənəd hazırlayır. O, bu sahədə ilk addım kimi diffamasiyanın dekriminallaşmasının vacibliyini qeyd edib və indiyədək bunu etməyən ölkələri bu tövsiyəni yerinə yetirməyə çağırıb.











































