"Jurnalistləri təhqir edən Tağı Əhmədov məhkəməyə verilməli, ona sanksiya tətbiq edilməlidir"
MEDİA
02:09 15.12.2011
3353
İnternetdəki sosial şəbəkələrdə Bakı Metropolitenin rəisi Tağı Əhmədovun jurnalistlərin əhatəsində olduğu müxtəlif videolentlər var. Tağı Əhmədov müxtəlif vaxtlarda fərqli məkanlarda media əhlinin suallarını cavablandırır. Bu videolentlərdən görünür ki, Bakı Metropolitenin rəisi jurnalistlərin suallarını cavablandırarkən bəzi hallarda onları aşağılayaraq qeyri-etik ifadələrdən də istifadə edir. Məsələn, belə videolentlərdən birində jurnalistlərin əhatəsində olan T.Əhmədov onların üstünə qışqırıb "ə bir-bir, borcum yoxdu saa, sən burdan tısıldayırsan, bu burdan” deməklə KİV əməkdaşlarına həqarət edir... Bəs, jurnalist qurumlarının rəhbərləri belə halların qarşısının alınması üçün hansı addımları atılmasını vacib sayırlar? Buna görə T.Əhmədovu məhkəməyə vermək olarmı?Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə bildirib ki, Tağı Əhmədovun jurnalistlərə qarşı bu cür ifadələr işlətməsi birinci dəfə deyil. “Bundan əvvəl də o, ANS-in xanım əməkdaşına özünün qeyri-adi ifadəsi ilə cavab verib. Hər dəfə metropolitendə gedişhaqqı artanda Tağı Əhmədov bunu 3-4 yanaşma ilə izah edir. Hesab edirəm ki, jurnalistlər onun dediyi sözlərə fikir verməməlidirlər. Çünki Tağı Əhmədov yerin altında işlədiyi üçün, yerin üstündə gedən inkişafdan xəbərdar deyil”. Seymur Verdizadənin fikrincə, jurnalistlərin Tağı Əhmədovu məhkəməyə verməsinə ehtiyac yoxdur. Onun fikrincə, Azərbaycan məmurları içərisində Tağı Əhmədov kimilər az deyil. Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli də deyib ki, Tağı Əhmədovun jurnalistlərin suallarına kobud cavab verməsi birinci dəfə deyil, dəfələrlə müşahidə olunub: “Tağı müəllim böyük bir idarənin rəhbəridir və jurnalistlər ona suallar verməlidirlər. Bir necə il bundan əvvəl Tağı Əhmədov telekanalların xanım əməkdaşına bərk acıqlanmışdı və bu cür hallar vaxtaşırı Tağı müəllim tərəfindən təkrar olunur. Çox təssüflər olsun ki, buna qarşı sərt tədbirlər görülmür. Buna nə jurnalistlər tərəfindən, nə də jurnalist təşkilatları tərəfindən hansısa reaksiya verilmir. Hesab edirəm ki, jurnalistlə bağlı hər hansı xoşagəlməyən hərəkət edən məmura qarşı sərt tədbir görülməlidir. Təssüf ki, bu cür hadisələr bizdə gülüş obyektinə çevrilib, daha çox reklam olunub. Belədə təbii olaraq həmin şəxs daha da cəsarətlənir və özünün haqlı olduğunu nümayiş etdirir. Bu yolverməz haldır və jurnalistlərə qarşı sayğısızlıqdır”. Yadigar Məmmədli onu da bildirib ki, Tağı Əhmədovun jurnalistlərə qarşı bu cür sayğısızlığına görə hansısa sanksiyalar tətbiq olunmalıdır. Bu məhkəmə vasitəsilə də ola bilər, jurnalist təşkilatları vasitəsilə də. “Jurnalistlər özləri yığışıb hansısa sanksiyanı da tətbiq edə bilər. Tağı Əhmədovdan başqa əvvəllər bir neçə məmur tərəfindən də jurnalistlərə qarşı sayğısızlıq olub. İndi həmin məmurlar həbsxanadadırlar. Hesab edirəm ki, jurnalistlər bununla bağlı məhkəməyə müraciət etsələr, daha doğru olar. Ümumilikdə isə bu kimi hallara qarşı çıxmaq lazımdır, nəinki onları şişirtmək”.Tərəfsiz (Parlament) Jurnalistlər Birliyin sədri Elşad Eyvazlı bildirib ki, Tağı Əhmədovun jurnalistlərə münasibətindən hər jurnalistin payı var: “Metropoliten rəisinin jurnalistlərə “tısıldayırsınız” deməsi konkret təhqir elementidir”. Elşad Eyvazlı hesab edir ki, “tısıldayırsınız” ifadəsinə görə jurnalistlər Tağı Əhmədovu məhkəməyə verə bilərlər. Bunu isə birbaşa jurnalist təşkilatlarının rəhbərləri, jurnalist təşkilatları həyata keçirməlidirlər. “Məmurlar jurnalistləri təhqir edəcək və biz də buna biganə qalacağıqsa, eyni təhqir fərdi olaraq hər birimizə unvanlanacaq. Bu gün Tağı Əhmədovun jurnalistlərə qarşı səsləndirdiyi qeyri-etik ifadələr hər bir jurnalistə yönəlib. Buna diqqət yetirmək lazımdır”.Elşad Eyvazlı onu da bildirib ki, Tağı Əhmədovun məhkəməyə verilməsiylə bağlı səslənən fikirlərlə həmrəydir və bunu müzakirə edəcəklər. Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli isə bildirib ki, Tağı Əhmədovun jurnalistlərə qarşı hansı ifadələrin işlətməsindən xəbərsizdir: “Amma mən iki məsələni xüsusi vurğulamaq istəyirəm. Bizdə yanlış olaraq belə bir təsəvvür var ki, dövlət qurumunun rəhbəridirsə, onu istənilən yerdə danışdıra bilərsən və hesab edirsən ki, informasiya vermək onun vəzifəsidir. Burada yarımçıq anlamaq məsələsi var. Düzdur, dövlət qurumları jurnalistlərin suallarını cavablandırmalıdır. Bunun üçün prosedur qaydalar var, dövlət qurumlarında mətbuat xidmətləri fəaliyyət göstərirlər, onlara müraciət etmək lazımdır, onlar da bu şeyləri zamanında qiymətləndirsinlər və cavablandırsınlar. Mütləq deyil ki, idarənin rəhbəri jurnalistin sualını cavablandırsın. Bizdə bir az başqa cürdur, mətbuat xidmətləri informasiyanı gecikdirdiklərinə görə jurnalistlər məcbur olub idarə rəhbərlərinə müraciət edirlər. Bu zaman bəzən anlaşılmazlıq yaranır. Yəni həmin vəzifəli şəxs iş başındadır, jurnalist kimi işiylə məşğuldur. O, anında jurnalistin sualını cavablandırmağa məhkum deyil. Təşəbbüs idarə rəhbərinin öz tərəfindən olsa, jurnalist ona tərəf gedib sual versə və bu zaman jurnalisti təhqir edən məmuru məhkəməyə vermək olar. Yox, əgər o adam iş başındadır, jurnalist onu qəfil yaxalıyıb sual verir, o da iş başında olduğu üçün cavab vermək istəmir, yaxud da təsadüfən qayıdıb ağır cavab verirsə, buna görə həmin adamı məhkəməyə verə bilməzsən. Çünki bu zamanında olmayan müraciətdir və məmur da yerində olmayan cavab verə bilir. Biz etik qaydalara riayət edilməsi ilə bağlı məmurlara, informasiya almaq qaydalarına riayət edilməsi ilə bağlı jurnalistlərə kifayət qədər müraciət etmişik. Hər bir dövlət orqanı informasiya verməyə məhkumdur və açıq olmalıdır. Amma burada prosedur qaydalar da var. Həmin prosedur qaydaları gözləmək lazımdır ki, ekstremal vəziyyət yaranmasın”.Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı bildirib ki, əgər Tağı Əhmədov jurnalistlərə elə sözlər deyir, jurnalistlər də o sözdən sonra onun yanında dururlarsa, onda gunah jurnalistlərdədir: “Jurnalistləri təhqir edirlərsə, gərək jurnalist öz etirazını bildirsin. Bir yazı yazsın ki, filankəs özünü apara bilmir. Əgər məmur jurnalistin uzunə deyirsə ki, “sən tısıldayırsan” jurnalist yenə mikrofonunu ona qarşı tutursa, gunah jurnalistin özündədir. Məmurlar jurnalistləri bu cür xoşagəlməyən ifadələrlə təhqir edirsə, jurnalistlər həmin adamı məhkəməyə versələr, biz jurnalist təşkilatı olaraq jurnalistləri dəstəkləyəcəyik”.mənbə: modern.az