Nazir qeyd edib ki, hazırda təqdim olunmuş aktlara əsasən, yüzlərlə ailəyə veriləcək yardımların miqdarı hesablanır və yaxın günlərdə kompensasiyaların ödənməsi nəzərdə tutulur. Nazir onu deyib ki, prezident İlham Əliyevin tapşırığı ilə oktyabrın 1-i tarixinə 15656 fərdi yaşayış evi tikilərək istifadəyə verilib.
Rəhbərlik etdiyi naziriliyin fəaliyyətindən danışan nazir bildirib ki, beş il ərzində FHN-nin maddi-texniki bazası dünyanın aparıcı qurumlarının maddi-texniki bazasının səviyyəsinə çatıb.
Nazir deyib ki, ötən dövr ərzində əsasən Fransa və Almaniya istehsalı olan 279 ədəd yanğınsöndürən avtomobil, Finlandiya istehsalı olan 2 ədəd hündürlük nərdivanı, yanğınların söndürülməsi zamanı istifadə olunan 6 min ədəd xüsusi geyim və mühafizə avadanlığı, 2 ədəd xüsusi təyinatlı avtomobil, 46 ədəd qəza xilasetmə avtomobili, 40 ədəd motopompa, xilasetmə əməliyyatlarında istifadə olunan müxtəlif adda 200-dən çox xüsusi texnika alınıb. Həmçinin Almaniya istehsalı olan 50 ədəd motosiklet, 24 ədəd bomba zərərsizləşdirici sistem, 4 ədəd yüksək sürətli və çoxfunksiyalı kater, sularda xilasetmə işlərini həyata keçirmək üçün 50 ədəd müxtəlif ölçülü kater, 6 ədəd helikopter, 1 ədəd “BE-200” amfibiya təyyarəsi, 2 ədəd səyyar hospital və digər zəruri texnikalar alınaraq Azərbaycana gətirilib.
Nazir deyib ki, hesabat dövründə FHN-nin müxtəlif strukturları və regional mərkəzləri üçün binalar tikilərək istifadəyə verilib