Arvadım yuxulu-yuxulu gözlərini açanda dəhşətə gəldi. Belə mənzərə ilə qarşılaşacağına inanmazdı. Qarnına tuşladığım bıçağı görüb tərpənib qışqırmaq istədi. Elə bu anda bıçağı düz qarnına sancdım. O, ağrıdan qıvrılıb inildəyirdi. Mən ona durmadan zərbələr endirirdim. Soyuq baxışları suallarla dolu idi. Ağzı açılıb yumulurdu. Nəsə demək istəyirdi.
Mən onu deşik-deşik etdim. Qarnının ortasından cinsi orqanına qədər doğradım. Üç gün içində onun cəsədini az qala tanınmaz etmişdim. Qulaqlarını, dilini kəsib, gözlərini çıxarmışdım. Sanki o mənim arvadım yox, qatı düşmənim idi. Qəribə olsa da bu mənə həzz verirdi. Onun hərəkətsiz cəsədinə baxanda içimdə rahatlıq hiss edirdim.
Axırda onun leşindən bezib polisə zəng vurdum. Arvadımı üç gün bundan əvvəl öldürdüyümü etiraf etdim.
Mənim üçün bu haqda danışmaq çətindi. Düşünəcəksiz dəliyəm, özü də zırramasından. Beynimin vintlərinin açılıb töküldüyünü deyəcəksiz. Əslində məndə hər şey qaydasındadı. Onu da deməliyəm ki, danışdıqlarım həqiqətdi.
Həbsxanada məni cəmi bir həftə saxladılar. Sonra məlum oldu ki, əsl dəliyəm. Və məni dəlixanaya “normal” dəlilərin yanına apardılar.
Balacalıqdan həkimlər mənim psixoloji problemlərimin olduğunu deyirdilər. Bunun məndə necə yarandığını isə tapa bilmirdilər. Həkimlər məndən bu haqda soruşanda onlara heç ne demirdim…
Varlı ailədə doğulmuşdum anamın sayəsində. Atamın iki arvadı var idi. Atam bizimlə yaşamırdı və arada bizim yanımıza gəlib-gedirdi. Maddi cəhətdən də heç bir çətinliyim yox idi.
Uşaq vaxtı pişiklərdən xoşum gəlirdi. Qonşuluğumuzda qalan, mənlə yaşıd bir qızın qapqara pişiyi vardı… Bir gün pişiyin dalınca maşın yoluna qaçan qızı maşın vurub öldürdü. Pişiyə isə heç nə olmadı… O gündən sonra qara pişik yuxuma girməyə başladı. Hər gün yuxuda həmin pişik məni maşının altına itələyirdi. Sonra üstümə çıxıb miyolduyurdu. Mən evdə heç kim olmayan bir gün pişiyi həyətdəki alma ağacından asdım. Qarnın yırtıb, gözlərini çıxardım, Başını isə əzikləmişdim… Anam pişiyi o vəziyyətdə görəndə dəhşətə gəldi. Ailədə heç kim məndən şübhələnmədi. Onda cəmi beş yaşım var idi.
Pişiyi öldürəndən sonra həmin yuxunu bir daha görmədim.
Böyüdükcə ətrafımdakılar mənlə ünsiyyətə az-az girirdi. Xasiyyətimdə adamayovuşmazlıq var idi… Həmin vaxt atamın birinci arvadı ölmüşdü. Həmin arvaddan bir qızı vardı. Deyəsən o narkoman idi və xəstəxanada yatırdı… On səkkiz yaşım olanda bir qızla görüşməyə başladım. Bir ildən sonra məndən uşağa qaldığını söylədi. Dəqiq bilirdim ki, o, məni sevmir. Atamın pulları ilə xoşbəxt olacağanı düşünürdü. Biz bir aya qalmadı evləndik. Cəmi on doqquz yaşım var idi.
Doğuşa az qalmış Zəhra-arvadımın adı belə idi-uşağı saldı. Həmin gündən sonra dəhşətli yuxular görürdüm. Zəhranın qarnından uşaq çıxıb məni boğurdu. Sonra özünü ağzımdan içəri salıb daxilimdə gəzirdi. Mənə elə gəlirdi ki, baş verənlər real idi. Daxilimdə sanki bir uşaq peyda olmuşdu. Və mən özümü bu dəhşətdən xilas etdim. Arvadımı öldürdüm, qanına qəltan elədim.
Bir müddət sonra atam məni həbsxanadan da, dəlixanadan da xilas etdi. İndi isə iyirmi yaşım var. Həkimlər tam sağalacağımı deyirlər. Ancaq mənim nə psixoloji problemlərim var, nə də ki dəliyəm. Sadəcə gördüyüm kabus və ya kabuslar var.
Aslan Qiyaslı
10.05.2011