İstirahət mərkəzlərində istifadə olunan kanat yolları, zipline və digər ekstremal əyləncə qurğuları insan həyatı və təhlükəsizliyi baxımından ciddi nəzarət tələb edir. Şəkidə kanat tipli qurğudan istifadə zamanı iki nəfərin həyatını itirməsi isə belə obyektlərdə texniki təhlükəsizlik qaydalarına nə dərəcədə əməl olunması məsələsini yenidən gündəmə gətirib.
Bəs bu qurğuların istifadəyə verilməsindən əvvəl və istismar zamanı hansı təhlükəsizlik yoxlamaları aparılmalıdır?
Təhlükəsizlik məsələləri üzrə ekspert Orxan Musayev AZXEBER.COM-a bildirib ki, insan daşıyan polad trosların möhkəmlik ehtiyatı faktiki canlı yükdən ən azı üç-dörd qat artıq ağırlıqda olmalıdır:

"İnsan həyatını daşıyan bu cür ekstremal əyləncə qurğuları yüksək risk mənbəyidir. Mühərrikin olub-olmamasından asılı olmayaraq, belə sistemlərin istismarı sahibkarın şəxsi mülahizəsinə buraxılmamalı, beynəlxalq mühəndislik və texniki təhlükəsizlik qaydalarına əsaslanmalıdır. Ümumi təhlükəsizlik standartlarına görə, insan daşıyan polad trosların möhkəmlik ehtiyatı faktiki canlı yükdən ən azı üç-dörd qat artıq ağırlığa hesablanmalı və mütləq paralel işləyən ikinci sığorta trosu nəzərdə tutulmalıdır”.
O qeyd edib ki, sözügedən troslar heç vaxt qəfil, bir saniyənin içində, durduğu yerdə qırılmır:
"Nəzərə almaq lazımdır ki, polad tros adi bir məftil deyil, xüsusi hörülmüş, dözümlü materialdır. Belə troslar heç vaxt qəfil, bir saniyənin içində, durduğu yerdə qırılmır. Polad tros qırılmazdan əvvəl bir sıra əlamətlər və siqnallar verir. Telləri tək-tək qırılır, korroziyaya uğrayır, bərkidilmə nöqtələrində əyilmələr baş verir. Qaydalarda da çox aydın göstərilir ki, trosun diametri sürtünmədən və ya paslanmadan cəmi 7 faiz kiçilirsə, yaxud daxili metal kəsiyinin 10 faizi yeyilirsə, o tros üzdən bütöv və ya təzə görünsə də, yararsız hesab edilməli və istismardan çıxarılmalıdır. Hətta kəskin hava şəraitindən və ya ildırım vurmasından sonra tros xüsusi diaqnostik cihazla yoxlanılmalıdır. Yəni, qurğu təkrar işə salınmamalıdır”.
Təhlükəsizlik eksperti bildirib ki, təhlükəsizliyin təmin edilməsində digər vacib amil isə personal və bələdçi heyətidir:
"Dünya təcrübəsində polad troslarla bağlı əsas prinsip var: insan daşınan yerdə təhlükəsizlik yalnız bir trosla etibar edilməməlidir. Mütləq paralel işləyən ikinci ehtiyat xətt olmalıdır ki, əsas trosla hər hansı qırılma baş verərsə, ondan istifadə edən insan bədbəxt hadisə ilə üz-üzə qalmasın. Təhlükəsizliyin təmin edilməsində digər vacib amil isə personal və bələdçi heyətidir. Qanunvericilik birbaşa tələb edir ki, bu qurğularda çalışan təlimatçılar və nəzarətçilər xüsusi komissiya qarşısında bilik yoxlanışından, yəni attestasiyadan keçmiş şəxslər olmalıdır. Təlimatçının fəaliyyəti təkcə sərnişinə kəmər taxmaqdan ibarət deyil. O, vətəndaşa təhlükəsizlik qaydalarını izah etməli, çəki limitini dəqiq nəzərə almalı və ən əsası, qurğuda, kəmərdə və ya trosda hər hansı nasazlıq görsə, dərhal prosesi dayandırmalıdır”.
O. Musayev deyib ki, məhsuliyyət xidmət göstərən sahibkarlıq subyektinin daxili nəzarət mexanizminin üzərinə düşür:
"Göründüyü kimi, normativ sənədlərdə hər bir detal, hər səhər keçirilməsi olan gündəlik vizual baxışlar, test yükləri və sınaqlar, bələdçilərin hazırlığı və dövlət orqanları tərəfindən aparılan ilkin və dövri müayinələr birmənalı şəkildə təsbit olunub. Burada məhsuliyyət xidmət göstərən sahibkarlıq subyektinin daxili nəzarət mexanizminin üzərinə düşür. Hər bir istirahət mərkəzi də anlamalıdır ki, təhlükəsizlik qaydaları formal sənəd deyil, birbaşa insan həyatı deməkdir və bu standartlar hər zaman ön planda dayanmalıdır”.
Şahanə Ziyad











































