Kartlardan pul silinməsi ilə bağlı müəmma: Bank sistemindəki nasazlıq, yoxsa?

Kartlardan pul silinməsi ilə bağlı müəmma: Bank sistemindəki nasazlıq, yoxsa?
İQTİSADİYYAT
17:16 25.06.2026
414
Məlum olduğu kimi, ötən gün bəzi bank müştərilərinin kart hesablarında texniki problem yaranıb. İstifadəçilərin bildirdiyinə görə, kartlardan səbəbsiz vəsaitlərin silinməsi, eləcə də hesaba daxil olan məbləğlərin tam əks olunmaması halları müşahidə edilib.

Bankın mobil tətbiqində yayımlanan bildirişdə isə qeyd olunub ki, üçüncü tərəflə bağlı yaranmış texniki çətinlik səbəbindən bəzi kartlarda əlavə vəsait silinmələri baş verib.

İnformasiya texnologiyaları üzrə mütəxəssis Kamran Əsədullayev AZXEBER.COM-a açıqlamasında bildirib ki, baş verənlər kibertəhlükəsizlik pozuntusu deyil.

Onun sözlərinə görə, bəzi bank kartlarında müşahidə olunan mənfi balanslar və əməliyyat uyğunsuzluqları cəmiyyətdə narahatlıq yaradıb. Lakin bu tip hallar adətən kibertəhlükəsizlik probleminə deyil, ödəniş sistemində yaranan texniki və ya prosessinq səviyyəli nasazlıqlara bağlı olur.

Ekspert qeyd edib ki, bank sistemləri yalnız bankın daxili infrastrukturu ilə məhdudlaşmır:

"Burada kart prosessinq mərkəzləri, ödəniş şəbəkələri, hesablaşma platformaları və müxtəlif üçüncü tərəf xidmətləri iştirak edir. Zəncirin hər hansı hissəsində yaranan nasazlıq əməliyyatların təkrar emalına, balansların müvəqqəti olaraq yanlış görünməsinə və ya gecikmiş hesablaşmaların eyni anda əks olunmasına səbəb ola bilər”.

K.Əsədullayev bildirib ki, belə hallarda əsas məsələlərdən biri düzgün kommunikasiya siyasətidir:

"Rəqəmsal maliyyə sistemlərində əsas məsələ nasazlığın heç vaxt baş verməməsi deyil. Vacib olan problemin nə qədər tez aşkarlanması, təsir dairəsinin məhdudlaşdırılması və xidmətlərin operativ bərpa edilməsidir. İstifadəçilər hesablarında gözlənilməz dəyişiklik gördükdə ilk növbədə aydın və vaxtında məlumat almaq istəyirlər. Şəffaf kommunikasiya ictimai etimadın qorunmasında mühüm rol oynayır”.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz də AZXEBER.COM-a açıqlamasında bildirib ki, baş verənlərin böyük ehtimalla kiber hücum olmadığını düşünür.

Onun sözlərinə görə, müşahidələr və aidiyyəti qurumların açıqlamaları hadisənin daha çox texniki xarakter daşıdığını göstərir:


"Silinmələr təsadüfi deyil, real əməliyyatların təkrarıdır. Vəsaitlər dərhal geri qaytarılır, balanslar avtomatik bərpa olunur. Bu, oğurluqdan daha çox dublikasiyaya işarə edir. Yəni kənar müdaxilə deyil, bank sistemlərində yaranmış texniki uyğunsuzluq ehtimalı daha yüksəkdir”.

O.Gündüz qeyd edib ki, problemin əsas səbəbi böyük ehtimalla prosessinq zəncirindəki nasazlıqla bağlıdır:

"Bir neçə müstəqil bankın eyni vaxtda eyni problemlə üzləşməsi ortaq bir halqanın olduğunu göstərir. Hesablaşma zəncirində belə anomaliyalar baş verərsə, sistem onları dərhal aşkarlayıb bloklamalıdır. Bu hadisə göstərir ki, kritik maliyyə infrastrukturlarında nəzarət və monitorinq mexanizmləri daha da gücləndirilməlidir”.

Ekspert əlavə edib ki, belə hallardan sonra aidiyyəti qurumlar texniki nəzarət mexanizmlərini yenidən qiymətləndirməlidir.

Şəhanə Ziyad
OXŞAR XƏBƏRLƏR