Katarakta nədir? - Əlamətləri və müalicəsi haqda bilmədikləriniz

Katarakta nədir? - Əlamətləri və müalicəsi haqda bilmədikləriniz
SAĞLAMLIQ
14:44 24.02.2026
352
Son illər gözlərdə katarakta diaqnozu qoyulanların sayında artım müşahidə olunur və bu xəstəliyin artıq yalnız yaşlılara xas olmadığı bildirilir.
 
Əvvəllər əsasən 60 yaşdan yuxarı insanlarda rast gəlinən katarakta halları indi daha gənc yaş qruplarında da qeydə alınır. Həkimlər bu tendensiyanı rəqəmsal cihazlardan uzunmüddətli istifadə, ultrabənövşəyi şüalara məruz qalma, stress və bəzi xroniki xəstəliklərlə əlaqələndirirlər.

Oftalmoloq-cərrah Ergün Rəşidəlizadə AZXEBER.COM-a açıqlamasında deyib ki, katarakta xalq arasında "mirvari suyu” adlanan patoloji vəziyyətdir:

"Katarakta bir neçə formada ola bilər. Birincisi, anadangəlmə kataraktadır. Bu, ana bətnində inkişaf dövründə baş verən hər hansı qüsurlar nəticəsində gözün şəffaf billurunun qeyri-şəffaf formalaşması ilə əlaqədardır. İkincisi, billura yetirilən zədələr nəticəsində baş verən dəyişikliklərdir. Bu zədələr travmatik, kimyəvi və ya şüalanma nəticəsində yarana bilər. Üçüncüsü billurda bulanmanın yaranması fizioloji yaşlanma nəticəsində baş verir. Necə ki, biz saçın ağarmasını xəstəlik kimi qəbul etmirik, mirvari suyunun inkişafını da təbii proses kimi qiymətləndirmək lazımdır”.

O bildirib ki, kataraktanın daha çox müşahidə olunmasının bir sıra səbəbləri var:

"Ən geniş yayılan səbəb ekoloji vəziyyətdir. Genetik meyillik nəticəsində bu vəziyyət daha erkən yaşlarda inkişaf edə bilər. Digər bir səbəb isə ambulator müşahidənin keyfiyyətinin artmasıdır. Əvvəllər xəstələrin tibbi xidmətə müraciəti və müayinələrə cəlb olunması daha məhdud idisə, bu gün icbari tibbi sığortanın inkişafı nəticəsində müayinələr daha əlçatan olub. Nəticədə statistik olaraq daha çox rast gəlinirmiş kimi görünür, lakin bu, aşkarlanma səviyyəsinin artması ilə bağlıdır”.

Həkim kataraktanın qarşısının alınması məsələsinə də toxunub:
 
"Əgər bu, fizioloji yaşlanma ilə bağlıdırsa, onun tam qarşısını almaq mümkün deyil. Lakin onun inkişafını gecikdirmək mümkündür. Məsələn, günəş şüalarının zərərli təsirindən qorunmaq vacibdir. Gün eynəklərindən istifadə, xüsusilə 30–40 yaşdan sonra qoruyucu amillərdən biri hesab olunur.
Həmçinin göz toxumalarının metabolizmini yaxşılaşdıran qida məhsullarından istifadə tövsiyə olunur. Balığın qida rasionuna daxil edilməsi, narıncı rəngli meyvə və tərəvəzlərin, qaraqilənin istifadəsi göz sağlamlığı üçün faydalıdır.

Bundan əlavə, göz məşqləri də müəyyən qədər faydalı ola bilər. Gözün vaxtaşırı olaraq uzaq və yaxın məsafələrə fokuslanması göz daxili əzələlərin fəaliyyətini aktiv saxlayır. Bu da billurun elastikliyinin qorunmasına və funksiyasının daha uzun müddət saxlanmasına kömək edə bilər”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR