Ukraynanın Ali Radası dekriminalizasiya haqqında maddəyə düzəlişin edilməsini dəstəkləməyib. Müxalifət sabiq baş nazir Yuliya Timoşenkonun mühakimə edildiyi maddənin dəyişdirilməsinə və iqtisadi cinayətlərə görə cəzanın yumşaldılmasına nail ola bilməyib. Ukrayna parlamenti həmçinin Cinayət Məcəlləsinin 365-ci maddəsinə dəyişiklik etməkdən imtina edib. Müxalifətin təklif etdiyi dəyişiklik edilsəydi, bir şəxs öz vəzifə səlahiyyətlərini aşmağa görə yalnız o halda məsuliyyətə cəlb edilə bilərdi ki, onun əməlləri başqa səlahiyyətli şəxs, yaxud öz yaxın ətrafı üçü səmərə əldə edilməsinə istiqamətlənmiş olsun. Qanunun olduğu kimi qalmasının lehinə iclas zalında olan 314 xalq deputatından 268-i səs verib. Buna etiraz əlaməti olaraq, "BYUT-Batkivşina" müxalifət fraksiyasının deputatları zalı tərk ediblər. Fraksiya sədrinin birinci müavini Andrey Kojemyakin bildirib ki, sessiya zalından getsələr də, Timoşenkonun azadlığı uğrunda mübarizəni davam etdirəcəklər. Yuliya Timoşenko 2009-cu ildə Rusiya ilə qaz müqaviləsinin imzalanması zamanı vəzifə səlahiyyətlərini aşmaqda ittiham edilərək, bu ilin oktyabrın 11-də 7 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmənin qərarından apellyasiya müraciəti edilib.