"Keçmişdə Ramiz Mehdiyevə salam verənləri günahlandırırlar, mən bunun tərəfdarı deyiləm" - Deputat

"Keçmişdə Ramiz Mehdiyevə salam verənləri günahlandırırlar, mən bunun tərəfdarı deyiləm" - Deputat
SOSİAL
15:36 22.10.2025
825
Son günlərdə Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevə açılan cinayət işi geniş müzakirələrə səbəb olub. Hadisə həm sosial mediada, həm də mətbuatda əsas gündəm mövzusuna çevrilib, ictimaiyyət müxtəlif fikirlər səsləndirir.

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev AZXEBER.COM-a bildirib ki, Ramiz Mehdiyev ilə bağlı araşdırmalar gedir və bu, istintaq tərəfindən müəyyənləşdirilməlidir:

"Əgər həmin maddələr onun üzərinə qoyulubsa və təsdiqini tapacaqsa, bu onun üçün bağışlanmaz bir səhvdir. Hazırda hər kəs bir söz deyir. Müəyyən faktlar, mülahizələr və əsaslar var, lakin bunlar hüquq-mühafizə orqanları tərəfindən təsdiqlənməlidir. Doğrudan da həmin günahları varsa, ən ağır cəzaya layiq görülməlidir. Əgər onun ailəsi və ətrafındakıların bu işdə əli varsa, onlar da cinayət məsuliyyətinə cəlb edilməlidirlər”.

Deputat deyib ki, vaxtilə Ramiz Mehdiyev ilə işləyənlər olub, lakin hazırda onlar dövlətə sədaqətlidirlər:

"Vaxtilə onunla işləyənlər olub, lakin hazırda onlar dövlətə sədaqətlidirlər. Keçmişdə Ramiz Mehdiyevə salam verənləri indi günahlandırırlar. Amma mən bunun tərəfdarı deyiləm. Çünki Mehdiyev uzun müddət rəhbər vəzifələrdə çalışıb. Heydər Əliyev və İlham Əliyev dövründə onun verdiyi tapşırıqları müəyyən şəxslər yerinə yetiriblər. Onun ətrafında olub, dövlətə və torpağa xəyanət edənlər varsa, onlar məsuliyyət daşımalıdırlar”.

Tahir Rzayev qeyd edib ki, deputatları və məmurları xəyanətkar hesab etmək düzgün deyil:

"Müəyyən adamlar çıxıb deyir ki, deputatların hamısı xəyanətkardır. Amma iki çağırış olub və deputatlar seçiliblər. Ramiz Mehdiyevdən əvvəl seçilən deputatlar var ki, hazırda dövlətin və partiyanın tapşırıqlarını uğurla yerinə yetirirlər. Bütün deputatları və məmurları xəyanətkar hesab etmək düzgün yanaşma deyil. Bu, dövləti və insanları qarşı-qarşı qoymaqdır. Bu əsasları irəli sürənlər dövləti sevməyən şəxslərdir”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR