Son günlər bir sıra xəbər saytları azərbaycanlı turistlərin Londonda yerləşən "Trafalqar” meydanındakı heykəli müğənni Kəmalə Günəşliyə bənzətməsi ilə bağlı görüntülər yayımlayır.
Sosial şəbəkələrdə də yayılan görüntülər izləyicilər tərəfindən maraqla qarşılanıb.
Məsələyə Kəmalə Günəşli də münasibət bildirib. O, heykəlin özünə bənzədilməsi ilə bağlı yumoristik açıqlama verib.
"Xalqın sevimli müğənnisiyəm ki, mənim Danimarkada heykəlimi qoyublar. Azərbaycanda hansı xalq artistinin, hansı əməkdar artistin Danimarkada heykəli qoyulub? Mənəm ki, Tamara Qaraqız, mənim heykəlimi qoyublar”, – deyə müğənni bildirib.
Bəs, həqiqətən də, sosial şəbəkələrdə Kəmalə Günəşliyə bənzədilən heykəl kimə məxsusdur?
AZXEBER.COM məsələni araşdırıb.
Məlum olub ki, görüntülərdəki heykəl amerikalı rəssam və heykəltəraş Tschabalala Selfin müəllifi olduğu "Lady in Blue” ("Mavi geyimli qadın”) adlı sənət əsəridir.
Heykəl 2026-cı il sentyabrın 10-da Londonun məşhur "Trafalqar” meydanında yerləşən "Fourth Plinth” (Dördüncü postament) layihəsi çərçivəsində ictimaiyyətə təqdim edilib.

Bürüncdən hazırlanan əsərdə mavi paltar geyinmiş qadın təsvir olunub. Müəllifin ideyasına əsasən, heykəl konkret tarixi şəxsiyyəti deyil, müasir London qadınını, şəhərin gündəlik həyatının bir hissəsi olan adi insanı təmsil edir.
Rəssam Tschabalala Self bildirib ki, yaratdığı obraz insanların özlərini yaxın hiss edə biləcəyi bir qadını əks etdirir. Onun sözlərinə görə, bu qadın pərəstiş ediləcək büt və ya xatirəsi əbədiləşdirilən tarixi şəxsiyyət deyil, hər gün şəhərin küçələrində rast gəlinən insanlardan biridir.
Qeyd edək ki, "Fourth Plinth” layihəsinin əsası 1998-ci ildə qoyulub. "Lady in Blue” bu layihə çərçivəsində təqdim olunan 16-cı sənət əsəridir.
Fəridə Əsədzadə









































