Fövqəladə hallar naziri Kəmaləddin Heydərov bu gün Qax və Zaqatala rayonlarına səfər edib.
Nazir və onu müşayiət edən heyət ötən ilin may ayında şimal-qərb bölgəsində baş verən zəlzələ zamanı qəzalı vəziyyətə düşən və yenidən tikilən məktəblərin açılış mərasimlərinə qatılıb.AZXEBER.COM-un məlumatına əsasən, Qax rayonun Güllük kəndində qəzalı vəziyyətə düşən M.Ə.Sabir adına məktəbin yerində FHN-nin sifarişi əsasında inşa edilən yeni məktəb binası 300 şagird yerlikdir.Bu münasibətlə təşkil edilən tədbirdə bildirildi ki, son bir ildə Güllük kəndində istifadəyə verilən bu sayca ikinci məktəbdir. Üçmərtəbəli təhsil ocağında 16 sinif otağı, 4 laboratoriya, 2 əmək təlimi sinifi və emalatxana, 2 kompüter otağı eləcə də idman və akt zalları var. Məktəb internetə qoşulub və nəzarət sistemləri ilə təmin olunub.Tədbirdə çıxış edənlər onu da qeyd edib ki, son on ildə rayonda 24, ötən bir ildə isə 11 məktəb binası tikilərək şagirdlərin istifadəsinə verilib. Bu da rayon məzunlarının ali məktəblərə qəbulunda özünü büruzə verir. Belə ki, builki məzunların 53 faizi ali məktəblərə qəbul olunub.Onlardan 7 nəfəri 600-dən çox bal toplayıb. Məktəbin rəmzi qırmızı lenti kəsiləndən sonra tanışlıq olub.Daha sonra nazir Kəmaləddin Heydərov Zaqatala rayonunun Suvagil kənd Mina Nəzirova adına 1 saylı tam orta məktəbin açılış mərasiminə qatılıb.Bildirildi ki, zəlzələ nəticəsində qəzalı vəziyyətə düşən bu məktəbin inşasına ötən ilin may ayında başlanılıb. Məktəb üçmərtəbəli, üç korpusdan ibarətdir və bu təhsil ocağı 500 şagird üçün nəzərdə tutulub. Məktəbdə 29 sinif otağı, 2 emalatxana, 3 laboratoriya, 1 kompüter otağı, bufet, həkim otağı, akt və idman zalları var. Təhsil ocağı istilik sistemi, nəzarət kameraları və bütün lazımi avadanlıqlarla təchiz olunub.Rayonun Çobankol kəndindəki şəhid İlham Kərimovun adını daşıyan tam orta məktəb isə ikimərtəbəlidir və 240 şagird yerlikdir. Məktəb binasında 11 sinif otağı, 5 fənn kabineti, laboratoriya, hərbi təlimlər üçün kabinet, akt və idman zalları var. Diqqətə çatdırıldı ki, hazırda məktəbdə 180 şagird təhsil alır və onların təlim-tərbiyəsi ilə 39 müəllim məşğuldur. Tədbir iştirakçılarının diqqətinə o da çatdırılıb ki, zəlzələ nəticəsində rayonda 23 məktəb qəzalı vəziyyətə düşüb. İndiyə kimi onlardan 14-ü tikilərək istifadəyə verilib. Daha 4 məktəbin isə yaxın günlərdə istifadəyə verilməsi gözlənilir.