Fövqəladə hallar naziri, general-polkovnikKəmaləddin Heydərovun rəhbərliyi ilə Gəncədə regional müşavirə keçirilib.
APA-nın məlumatına görə, tədbirdə quruma daxil olan strukturların nümayəndələri, müstəqil qurumların və Qərb Regional Mərkəzinin əməkdaşları iştirak ediblər. Müşavirədə regionlarda Fövqəladə Hallar Nazirliyinin (FHN) funksiyalarına daxil olan məsələlərin həlli müzakirə edilib, bu sahədə yeni təlimatlar verilib. Nazir K.Heydərov tədbirdən sonra jurnalistlərə açıqlamasında bildirib ki, ölkədə müşahidə olunan böyük iqtisadi irəliləyişlərdə, görülən işlərdə, həm sənaye, həm kənd təsərrüfatı, həm də inşaat sahəsində işlərinin həyata keçirilməsində FHN-in qurumlarının mühüm rolu var. Müşavirədə qurum rəhbərlərinə bu sahədə görülən işlərlə bağlı təlimatlar verilib. Bundan başqa, nazir qeyd edib ki, region əhalisinin FHN-ə aid şikayətlərinin vaxtında baxılması və onların tezliklə icrası istiqamətində də regionda çalışan fövqəladə hallar qurumunun nümayəndələrinə lazımi tapşırıqlar verilib.