Kərə yağı alarkən buna diqqət edin

Kərə yağı alarkən buna diqqət edin
SOSİAL
11:24 20.03.2026
251
Kərə yağı Azərbaycan mətbəxinin əvəzolunmaz hissələrindən biri olsa da, son illərdə bazarda saxta və qatqılı məhsulların artması alıcıları ciddi şəkildə narahat edir. Bir çox hallarda "100% təbii” etiketi daşıyan yağların tərkibində bitki yağları, palma yağı və digər ucuz əlavələrə rast gəlinir. Bu isə istehlakçıların düzgün seçim etməsini daha da çətinləşdirir. Bəs keyfiyyətli və təbii kərə yağını necə seçmək olar?

AZXEBER.COM Metbuat.aza istinadən xəbər verir ki, qida mütəxəssisləri alıcılara ilk növbədə məhsulun tərkib siyahısını diqqətlə oxumağı tövsiyə edir, çünki əsl kərə yağı yalnız pastörləşdirilmiş süd və ya qaymaqdan hazırlanmalıdır və etiketdə məhz bu ifadələr yer almalıdır.

Əgər tərkibdə palma yağı, hidrogenləşdirilmiş bitki yağları, marqarin, emulqatorlar, aromatizatorlar və ya konservantlar göstərilibsə, həmin məhsul təbii kərə yağı hesab olunmur. Eyni zamanda, məhsulun yağlılıq dərəcəsi də mühüm göstəricidir, belə ki, keyfiyyətli kərə yağında bu göstərici yüksək olmalı və aşağı faizli məhsullar adətən qarışıq tərkibli olur. Rəng və qoxu da seçim zamanı diqqət yetirilməli məqamlardandır, çünki təbii kərə yağı açıq sarı və ya krem rəngində olur, həddindən artıq parlaq rəng isə boya qatıldığını göstərə bilər, qoxusu isə xoş və təbii süd ətri verməlidir, hər hansı yad və ya kəskin qoxu keyfiyyətsizlik əlaməti sayılır.

Konsistensiya baxımından keyfiyyətli kərə yağı soyuducudan çıxarıldıqdan sonra bıçaqla kəsilərkən xırda hissələrə ayrılır və müəyyən qədər qırıntılı struktur göstərir, halbuki saxta məhsullar daha hamar və elastik olur, bıçaqda iz qoyur və ya bütöv şəkildə qopur. Bundan əlavə, belə yağ paketə yapışmır və çörəyin üzərinə çəkilərkən bircinsli qat əmələ gətirir.

Evdə sadə üsullarla da məhsulu yoxlamaq mümkündür. Məsələn, isti suya atılan həqiqi kərə yağı tək parça kimi yumşalıb əriməyə başlayır, saxta məhsullar isə hissələrə parçalanır, tavada qızdırıldıqda isə keyfiyyətli yağ köpüklənir və xoş süd qoxusu yayır. Otaq temperaturunda saxlandıqda isə dərhal su kimi əriməməsi də onun təbii olmasına işarədir.

Qiymət və saxlama müddəti də seçim zamanı vacib meyarlardandır, çünki təbii kərə yağı istehsalı üçün böyük miqdarda süd tələb olunur və bu səbəbdən belə məhsulun çox ucuz olması real görünmür. Həmçinin, təbii kərə yağının saxlama müddəti uzun olmur və adətən soyuducuda məhdud müddət ərzində istifadə edilməlidir.

Mütəxəssislər xəbərdarlıq edir ki, saxta və qatqılı yağların istifadəsi sağlamlıq üçün risklidir, xüsusilə tərkibində olan trans yağlar ürək-damar xəstəliklərinin yaranma ehtimalını artırır. Bu səbəbdən istehlakçılara tanınmış istehsalçıların məhsullarına üstünlük vermək, alış-verişi etibarlı satış nöqtələrindən etmək və şübhəli hallarda müvafiq qurumlara müraciət etmək tövsiyə olunur.
OXŞAR XƏBƏRLƏR