“Kibertəhlükəsizlik milli təhlükəsizlik və iqtisadi dayanıqlığın əsas tərkib hissələrindən biridir”

“Kibertəhlükəsizlik milli təhlükəsizlik və iqtisadi dayanıqlığın əsas tərkib hissələrindən biridir”
SOSİAL
12:52 02.07.2026
201
Xəbər verdiyimiz kimi, 29 iyun 2026-cı il tarixində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirilib. İclasda "Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı”nın icra vəziyyəti müzakirə olunub.

Müzakirələr zamanı qeyd olunub ki, Fəaliyyət Planının əsas istiqamətlərindən biri kibertəhlükəsizlikdir. 

Rəqəmsal transformasiyanın davamlı və etibarlı şəkildə həyata keçirilməsi üçün kibertəhlükəsizliyin gücləndirilməsi əsas prioritetlərdən biri kimi müəyyən edilib. Məqsəd dövlətin, biznesin və vətəndaşların rəqəmsal mühitdə təhlükəsizliyini təmin edən müasir və dayanıqlı milli kibertəhlükəsizlik ekosisteminin formalaşdırılmasıdır.

Azərbaycanın rəqəmsal transformasiya siyasəti çərçivəsində kibertəhlükəsizlik sahəsində hüquqi və institusional islahatlar da davam etdirilir. Bu dəyişikliklər kritik informasiya infrastrukturunun qorunmasına, müasir kibertəhdidlərə qarşı effektiv mübarizə mexanizmlərinin yaradılmasına və rəqəmsal mühitdə təhlükəsizliyin daha da gücləndirilməsinə xidmət göstərir.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin sədri Arzu Nağıyev AZXEBER.COM-a bildirib ki, rəqəmsal transformasiyanın həyata keçirilməsi dayanıqlı kibertəhlükəsizlik mühitinin formalaşdırılmasını zəruri edir:

"Rəqəmsal transformasiyanın uğurla həyata keçirilməsi dayanıqlı kibertəhlükəsizlik mühitinin formalaşdırılmasını zəruri edir. Məhz buna görə də kibertəhlükəsizliyin gücləndirilməsi Fəaliyyət Planının əsas prioritet istiqamətlərindən biri kimi qəbul olunur. Hazırda Azərbaycanın rəqəmsal transformasiya siyasəti çərçivəsində kibertəhlükəsizlik sahəsində hüquqi və institusional islahatlar ardıcıl şəkildə davam etdirilir. Bununla bağlı Milli Məclisdə müvafiq müzakirələr aparılıb, eyni zamanda kibercinayətkarlıqla bağlı beynəlxalq konvensiyalara qoşulmuşuq. Bu islahatlar dövlət informasiya resurslarının və kritik informasiya infrastrukturunun mühafizəsinin gücləndirilməsinə, dövlət qurumları, özəl sektor və vətəndaşlar üçün təhlükəsiz rəqəmsal mühitin təmin edilməsinə, eləcə də müasir kibertəhdidlərə qarşı çevik və effektiv müdafiə mexanizmlərinin formalaşdırılmasına xidmət edir”.


Parlamentari qeyd edib ki, kibertəhlükəsizlik istiqamətində davamlı addımlar atılır:

"Beynəlxalq səviyyədə transmilli kibercinayətlərlə mübarizədə də bundan istifadə olunur. Görülən işlər və qarşıda duran vəzifələr mütəmadi olaraq müzakirə edilir, kibertəhlükəsizlik sisteminin dayanıqlı əsaslar üzərində qurulmasının vacibliyi xüsusi vurğulanır. Kibertəhlükəsizlik sahəsində proseslərin daha da sürətləndirilməsi, dövlət qurumları arasında koordinasiyanın gücləndirilməsi mühüm əhəmiyyət kəsb edir və bu istiqamətdə ardıcıl addımlar atılır”.

Deputat deyib ki, artıq kibertəhlükəsizlik milli təhlükəsizlik və iqtisadi dayanıqlığın əsas tərkib hissələrindən biridir:

"Dünyada rəqəmsallaşmanın sürətlənməsi və qlobal kibertəhdidlərin artması fonunda kibertəhlükəsizlik artıq yalnız texniki məsələ deyil. Bu, milli təhlükəsizlik və iqtisadi dayanıqlığın əsas tərkib hissələrindən biridir. Bu səbəbdən dövlət qurumları arasında koordinasiya daha da gücləndirilməli, beynəlxalq əməkdaşlıq genişləndirilməli, peşəkar insan kapitalı inkişaf etdirilməli və qabaqcıl texnoloji həllərin tətbiqi əsas prioritet istiqamətlərdən biri olmalıdır. 

Eyni zamanda, milli kadr potensialının bu sahədə yetişdirilməsi də xüsusi əhəmiyyət daşıyır. Həyata keçirilən tədbirlər ölkədə müasir, dayanıqlı və etibarlı milli kibertəhlükəsizlik sisteminin formalaşdırılmasına, rəqəmsal xidmətlərə olan etimadın artırılmasına xidmət edir. Azərbaycanın rəqəmsal inkişaf sahəsində qarşıya qoyduğu məqsəd və hədəflərə təhlükəsiz şəkildə nail olunması hərtərəfli töhfə deməkdir”. 

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR