Elşən MusayevHavalar dəyişdi.
Artıq yağışlar yağır.Və beləcə nimdaş müxalifətimizin də əsl dövrü, mövsümü başlayıb. Yəqin elə bu səbəbdəndir ki, adamlar artıq ikinci nəfəs alma cəhdinə giriblər. Ya da belə deyək: ümidlərini, imkanlarını yenidən zorlayırlar, olmayan şanslarını tarıma çəkirlər və nəhayət, yağışdan çıxıb, yağmura düşmə ənənəsini davam etdirirlər.***Radikal müxalifət növbəti aksiyanın anonsunu verib. Oktyabr ayının 27-si keçən həftə ortalığa fərli-başlı bir şey çıxara bilmədilər. Hətta vəd etdikləri mitinqin tarixini belə dəyişdilər-əsaslandırma da bu oldu ki, Bakı meriyasına göndərdikləri müraciət yolda harasa qeyb olub, it-bata düşüb. Və ya çox maraqlıdır, əvvəllər həmin müraciət rəsmi şəkildə ünvanlanardı, hətta lazım olanda danışıqlara belə gedilərdi. İndi isə poçtla göndərəsi olub...Təbii, göndərməmişdilər. Növbəti bleflərini edirdilər. Və çox böyük ehtimalla xaricdəki stimulvericiləri, qəyyumları onlara son anda başa salmışdı ki, Avropa Parlamentinin qərarını və Cəmil bəyin qayıdışını gözləmək lazımdır. Elə ilk öncə də həmin qayıdışdan başlayım: Avropadan dönən Cəmil Həsənli hava limanında tək idi. Radikal müxalifətin başbiləni elə bir hörmətin sahibi imiş ki, onu dəhlizdə London taksilərindən savayı kimsə qarşılamadı. Və beləcə, adam da suyu süzülərək heç bir açıqlama-filan vermədən evinə dönməli oldu. Hətta artıq bir həftədir Bakıdadır, amma varlığı ilə yoxluğu bilinmir. Təbii, araya salıb keçirdiyi mətbuat konfransı istisna olmaqla...O ki qala Avropa Parlamentinin qərarına, bu dəfə artıq onların timsalında ikili deyil, üçlü-dördlü-beşli standartların dövrəyə girməsinin şahidi olduq. Yenə də öz maraqlarını güdürdülər, yenə də haqqında danışdıqları seçki əsl məğzin fövqündə idi və nəhayət yenə də mahiyyət dəyişməmişdi: Demokratiya, şəffaf seçki və insan hüquqları adı altında növbəti sabotajın şahidi idik.Və ən maraqlı məqam bilirsinizmi nədir? Azərbaycan Avropa İttifaqının üzvü deyil. Onun qarşısında hər hansı bir öhdəliyi də yoxdur. Belə olan halda isə bu qurumun dekorativ qərarları, eyni zamanda yaratmaq istədiyi görüntü bizim üçün hər hansı bir ciddi önəm kəsb edə bilməz. Amma mövzuya bir də müxalifətin təqdimatında baxın: Elə bir mənzərə yaradıblar, sanki dünyanın axarı dəyişib, bunların mənafeyinə doğru hansısa addımlar atılıb, ya da qələbə qazanıb, hakimiyyət-filan dəyişiblər. Oysa mahiyyət tamamilə başqadır. Qərb də, beynəlxalq təşkilatlar da Azərbaycan müxalifətinin kəramətinə çoxdan bələddir.Eyni zamanda onlar da yaxşı bilir ki, bu yarıtmazlara yüz il də maya qoyulsa, yenə gedib bir yeri çıxa bilməzlər. Yaxşı bəs onda məqsəd nədir? – Azərbaycan hakimiyyətini sıxmaq, ona təsir etmək, eyni zamanda regionla bağlı gələcək planları həyata keçirmək! Vəssalam. Amma deyim ki, problemin arxasında bir də “mən də varam” kompleksi dayanır. Yəni mənimlə də hesablaşın, məni də sayın. Niyə? Çünki, Avropa Parlamenti artıq öz nüfuzunu qoruya bilmir. Və ya həmin nüfuz sürətlə enişə doğru gedir. Təbii ki, belə olan halda durumu hansısa formada kompensasiya eləmək lazımdır. Bunun da tək yolu saxta şüarlardan, populist qətnamələrdən, eyni zamanda boğazdan yuxarı üfürülən demokratiya qışqırtılarından keçir. Eynən Azərbaycanın timsalında bu gün seyr etdiyimiz proseslər kimi...***Radikal müxalifəti kimsə dəstəkləmir. Hətta Azərbaycanı sevməyənlər belə. Və deyim ki, elə onların bədbəxtliyi də bundadır. Çünki nə xalqla, nə də hər hansı bir tərəfdaşla fikir, ideya, məfkurə uzlaşması yoxdur. Məsələn, deyirlər tutaq 100 min, 200 min adamımız var. Amma ortalıqdakı tablo özündə tamamilə başqa bir tablonu ehtiva edir. Və ya, Cəmil Həsənli növbəti Avropa turnesindən sonra keçirdiyi mətbuat konfransında bəyan edir ki, vətəndaşların seçki aktivliyi 20 faiz olub.
Təqdim olunan rəqəm isə saxtakarlıq hesabına ərsəyə gəlib. Eyni zamanda bunların istinad etdiyi qurum - yəni ATƏT-in Müşahidəçi Missiyası öz qondarma hesabatında xüsusi olaraq vurğulayır ki, son seçkilər heç bir zaman görünməyən aktivliklə müşahidə olunub. İndi gəl başa düş görüm bunların ortaq mövqeyi nədir. Aktivlik olub, ya olmayıb? Doğru söyləyən ATƏT-dir, yoxsa Cəmil Həsənli? Hə.., bizə olan münasibət bəlli. Onsuzda nə desək inkar edəcəklər. Yaxşı bəs ATƏT-in mövqeyi, fikirləri necə olsun? Onu hara yazaq? Və ya Cəmil Həsənli heçmi düşünməyib ki, xanım De Zuliieta ondan inciyə bilər? Axı proseslərin önündə Həsənlidən daha çox o gedir. Özünü müxalifət uğrunda az qala əsir-yesir eləyib. Hər nə qədər tərəfsiz demokrat olduğunu israrla vurğulasa da....***“Milli Şura” dağılır. Təşkilatda əməlli-başlı qopmalar var. Hətta bu gün mətbuatdan oxudum, səhv etmirəmsə 9 nəfəri artıq öz sıralarından uzaqlaşdırıblar. Olmayan təşkilatın, olmayan sıralarından! Və ya bunların elə üst-üstə 19 nəfər adamı vardı, onların da 9-u gedəndən sonra ortalığa hansı mənzərə hakim kəsiləcək? - bunu düşünmək belə insanda qeyri-adi təbəssüm yaradır.Amma etiraf edim ki, ən böyük itki Rəsul Quliyevdir. Çünki “Milli Şura”dakıları bu adam qədər tanıyan və öz adı ilə çağıran ikinci biri yox idi: “Tula”,”Bədbəxt”, “multfilm” və s ilaxir... Amma bir də ona “siyasət qırıntısı” deyib kimsə. “Milli Şura”nın son tədbirində. Yəni, təxminən “kişi qırığı kimi bir şey”.Oysa, “Milli Şura”dakılar tələsdi. Gerçəkdən çox tələsdi. Amma heç darıxmasınlar. Necə deyərlər ay var, il var. Rəsul Quliyev bir az böyüsün, püxtələşsin, həyata addımlarını bərk atsın, o zaman görəcəklər 30-40 ildən sonra ondan nə “kişi” çıxacaq.Adamın hələ nə yaşı var ki? Onsuzda uşaqkən elə hamıya “kişi qırığı”deyirlər də...