“Kişilər dərk etməlidirlər ki, qadın əşya deyil' - FOTOLAR
Bütün Xəbərlər
20:43 12.01.2012
2276
Bu gün Beynəlxalq Mətbuat Mərkəzində (BMM) “Azərbaycan qadını” layihəsi çərçivəsində “Biz şərqdənik” adlı qısametrajlı filmin təqdimat mərasimi keçirilib. AZXEBER.COM-un məlumatına görə, tədbirdə millət vəkilləri, tanınmış telejurnalistlər, QHT nümayəndələri, media təmsilçiləri iştirak edib. Mərasimi giriş sözüylə filmin ssenari müəllifi İlhamə Novruzova açıb. O qeyd edib ki, film görkəmli alim Aida İmanquliyevanın xatirəsinə həsr olunub. Daha sonra film nümayiş olunub. Filmin nümayişindən sonra müzakirələr aparılıb. Millət vəkilləri Sevinc Hüseynova, Fazil Mustafa, Gülər Əhmədova, tanınmış telejurnalistlər Nərgiz Cəlilova, Vəsilə Vahidqızı film haqda fikirlərini söyləyiblər. Filmin baş rol ifaçılarından olan 11 yaşlı Ayla Qasımzadə AZXEBER.COM-a açıqlamasında deyib ki, “Biz şərqdənik” onun çəkildiyi ikinci filmdir : “Mən bundan öncə də bir filmdə iştirak etmişdim. Ona görə bu dəfəki çəkilişlər mənim üçün çox da çətin olmadı. İnanıram ki,bu gün qonaqlar filmi bəyəndilər”. Filmin rejissoru Ramil Ağasıyev filmdə yalnız 3 peşə sahibinin: jurnalistin, həkimin və xalçaçının həyatının göstərilməsini belə şərh edib: “Bu 3 qadının taleyi bir çox Azərbaycan qadınına şamil oluna bilər. Əminəm ki, bu filmi izləyən hər qadın filmdə özünü tapacaq” Ağasıyev həmçinin qeyd edib ki, cəmiyyətdə qadınlara qarşı münasibət dəyişməlidir: “Bu günə kimi siqaret çəkən, maşın sürən qadınlara pis baxılır. İnsanlarda bu köhnə fikirlər hələ də qalmaqdadır. Biz bu filmlə demək istəyirik ki, Azərbaycan qadını azaddır, Azərbaycan qadını cəmiyyətdə öz sözünü deyə bilir. Kişilər bir şeyi dərk etməlidir ki, qadın əşya deyil, qadını döymək, söymək olmaz. Ona görə də kişilər bu filmə baxıb ibrət götürməlidir. Mən özüm də çalışıram ki, xanımları təhqir etməyim. Çünki mənim də öz anam, öz bacım var. Bu gün biz bir qadına hörmətsizlik ediriksə, demək sabah da başqa kimsə sənin ana, bacına artıq söz deyəcək. Hər şey insanın özündən başlayır”. Qeyd edək ki, filmin ideya müəllifi Mahirə Əsədova, ssenari müəllifi İlhamə Novruzova, baş rol ifaçısı Yuğ teatrının aktrisası Yaqut Paşazadə, balaca qızcığaz obrazında Ayla Qasımzadə, operator isə Vüqar Məmmədovdur.