“Kitab adam yemir” klubu yapon ədəbiyyatına məxsus “Min durna” əsərini tərcümə etmişdir
Gənclərimizin kitaba qarşı marağlarının artırılması məqsədi ilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) nəzdində “Kitab adam yemir” adlı klub fəaliyyət başlamışdır.
ATGTİ-nin mətbuat katibi Məcid Musayevin AZXEBER.COM-a verdiyi məlumata görə, klub tələbə-gənclər arasında Azərbaycan və dünya ədəbiyyatına məxsus əsərlərin müzakirəsini keçirməyi, xarici ədəbiyyat nümunələrinin gənclər tərəfindən dilimizə tərcüməsini təşkil etməyi nəzərdə tutur. İlk olaraq klub dünya ədəbiyyatının incilərindən biri olan yapon yazçısı Yasunari Kavabatanın “Min durna” kitabının ana dilimizə tərcüməsini və çapını reallaşdırmışdır. Bununla da gənclərimiz öz yaşıdlarını dünya ədəbiyyatının məhşur əsərlərindən biri ilə tanış edir, eyni zamanda Azərbaycan və Yaponiya arasında olan əlaqələrin inkişafına öz töhfələrini verirlər.
23 iyun 2012-ci il tarixində, saat 11:00-da ATGTİ-nin qərargahında klubun rəsmi açılış mərasimi və “Min durna” kitabının təqdimatı keçiriləcək. Mərasimdə ATGTİ-nin sədri Şahin İsmayilov, Yaponiyanın ölkəmizdəki səfirliyinin nümayəndələri, kitabın ərsəyə gəlməsində yaxından iştirak etmiş gənclər və tələbələr iştirak edəcəklər. Eyni zamanda mərasimdə yapon mədəniyyəti (musiqi, simvollar, dil və s.) təqdim olunacaq.
Qeyd edək ki, Yasunari Kavabata XX əsr dünya ədəbiyyatının samurayı adlandırılır. Osaka şəhərində zadəgan ailəsində doğulmuş Yasunari ədəbiyyat üzrə “Nobel” mükafatı (1968-ci il) qazanmış ilk yapon yazıçısıdır.