Könüllülərin kütləvi maarifləndirmə aksiyası vətəndaşlar tərəfindən rəğbətlə qarşılanır - Fotolar

GƏNCLİK
17:52 20.05.2020
2104
Davam edən "Bir-birimizi qoruyaq!” aksiyası çərçivəsində Azərbaycan könüllüləri paytaxt Bakının küçələrində, parklarında, ictimai iaşə obyektlərində, bank və poçt şöbələrində, xəstəxanalarda, ictimai nəqliyyat dayanacaqlarında, metro stansiyalarının çıxış və girişlərində, eləcə də ATM-lərin qarşısında və digər yerlərdə karantin rejiminin yumşaldılması şəraitində davranış qaydalarına dair ictimai maarifləndirmə işini davam etdirirlər.
 
AZXEBER.COM xəbər verir ki, paytaxtın bütün rayonlarında yüzlərlə könüllünün iştirakı ilə gün ərzində davam edən təşviqat aksiyası zamanı insanların kütləvi toplaşmaması, sosial məsafənin saxlanılması, qoruyucu maskalardan istifadə edilməsi, dezinfeksiya və ictimai nəzarət tədbirləri həyata keçirilir. Ara məsafəsinin gözlənilməsi məqsədi ilə  bankomatların qarşısında dairələr çəkərək könüllülər vətəndaşları öz növbələrini həmin dairələrin üzərində gözləməyə dəvət edir, bankomatlardan və ödəmə terminallarından istifadə edən müştərilərin əllərini, həmçinin  bankomat və ödəmə terminallarını dezinfeksiya edirlər.

Dövlət tərəfindən görülən tədbirlər barədə əhalinin məlumatlandırılması işinə dəstək məqsədi ilə könüllülər metro stansiyalarının qarşısında maarifləndirici bukletlər paylayır, ictimai-iaşə və ticarət obyektlərinin qapılarına davranış qaydalarına dair posterlər və stikerlər yapışdırır, vətəndaşları zərurət olmadan evdən çıxmamağa çağırırlar. 

Bununla yanaşı, kampaniya çərçivəsində gənclər küçədə qoruyucu vasitələrsiz gəzən şəxsləri tibbi maska və əlcəklərlə təmin edir, tibbi maskadan istifadə edənlərə isə təşəkkür məqsədilə kiçik hədiyyə təqdim edirlər. Həmçinin, zəruri olduğu halda, koronavirusa yoluxmanın qarşısını almaq üçün Nazirlər Kabineti yanında Operativ Qərargahın və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyə etdiyi qaydaları barədə ətraflı məlumat verilir. Könüllülərin vətəndaşların sağlamlığının qorunmasına xidmət edən fəaliyyətləri növbəti günlərdə də aktiv şəkildə davam edəcəkdir.

"Bir-birimizi qoruyaq!” aksiyası dünəndən etibarən ölkəmizin əksər şəhər və rayonlarında fəal şəkildə davam etdirilir. 

Qeyd edək ki, yeni növ koronavirus infeksiyasının yarada biləcəyi təhlükə ilə mübarizədə dövlət tərəfindən həyata keçirilən tədbirlərin dəstəklənməsi məqsədilə 27 mart 2020-ci il tarixində formalaşan və fəaliyyətində "ASAN Könüllüləri” Təşkilatı, "Regional İnkişaf” İctimai Birliyi, "Bir Könüllü" Tələbələrin Əməkdaşlığı İctimai Birliyi, "Könüllü DOST” Proqramı, "Aqrar İnkişaf Könüllüləri” İctimai Birliyi, "Nəqliyyat Könüllüləri” Proqramı, "Formula 1 Azərbaycan Qran Prisi” Könüllülük Proqramı, "Miqrasiya Könüllüsü” İctimai Birliyi, "Könüllü gömrükçü” Dəstəsi, "Turizm Könüllüləri” Təşkilatı, "Diplomatiya Könüllüləri” Qrupu, "Ekokönüllüləri” Qrupu, "AFFA və Avro-2020” Könüllülər Proqramı və "Gənc Könüllülər” Hərəkatı və digər təşkilat və hərəkatların iştirak etdiyi mərkəzin işinin əlaqələndirilməsi Azərbaycan Respublikası Gənclər Fondu tərəfindən həyata keçirilir.

Öz fəaliyyətində Azərbaycan Prezidentinin "Biz birlikdə güclüyük!” şüarını rəhbər tutan AKƏM tərəfindən respublikanın demək olar ki, bütün şəhər və rayonlarında könüllülər səfərbər olunub, onların əlaqələndirilməsi və lazımi fəaliyyətlərə yönləndirilməsi həyata keçirilib. 

AKƏM-in təşkilatçılığı ilə keçirilən "Böyüklərimizi qoruyaq!”, "Könüllü qonşu”, "Könüllü donor” aksiyalarında minlərlə könüllü iştirak edib.
 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR

X Mostbet