Kolumbiya-Venesuela sərhədində partlayış baş verib, polislər yaralanıb

Kolumbiya-Venesuela sərhədində partlayış baş verib, polislər yaralanıb
DÜNYA
22:45 27.10.2026
151
Kolumbiyanın Venesuela ilə sərhədindəki Norte-de-Santander vilayətində bomba partlaması nəticəsində azı dörd polis əməkdaşı yaralanıb.

"Associated Press" xəbər verir ki, bu barədə əyalətin qubernatoru Uilyam Vilyamisar "X" sosial şəbəkəsində bildirib.

Onun sözlərinə görə, hadisə Kolumbiyanın Kukuta şəhərində, Venesuela ilə sərhəddə yerləşən Fransisko de Paula de Santander beynəlxalq körpüsünün yaxınlığında, yerli vergi idarəsinin binası qarşısında baş verib.

Qeyd edilib ki, partlayış nəticəsində həm də bir neçə nəqliyyat vasitəsinə ziyan dəyib.

Agentlik vurğulayıb ki, hücum Kolumbiya hakimiyyətinin cinayətkar dəstələr və üsyançı qruplaşmalarla mübarizəsini gücləndirməsi fonunda baş verib. Çərşənbə axşamı səhər saatlarında Medelyində keçirilən xüsusi əməliyyat zamanı qanunsuz narkotik dövriyyəsi və insan alveri şəbəkələrinin təşkilində şübhəli bilinən 135 nəfər saxlanılıb.

Avqust ayında vəzifəsinin icrasına başladıqdan sonra Kolumbiya Prezidenti Abelardo de la Esprielya ölkədə qalan üsyançı qruplaşmalarla sülh danışıqlarını donduraraq bildirib ki, son dörd ildə onlar xüsusi bir nəticə verməyib və silahlı dəstələr kənd rayonlarında öz hakimiyyətlərini möhkəmləndirmək üçün hökumətlə bağlanmış atəşkəsdən istifadə ediblər.
 
///report///
OXŞAR XƏBƏRLƏR