Kooperasiya Universitetində Novruz şənliyi keçirildi

GƏNCLİK
20:59 19.03.2012
2679

Martın 17-də Azərbaycan Kooperasiya Universitetində Tələbə Gənclər Təşkilatının (AKU-TGT) təşkilatçılığı ilə Novruz bayramına həsr olunmuş tədbir keçirilib.

Təşkilatdan AZXEBER.COM-a verilən məlumata görə, universitetin böyük akt zalında keçirilən bu tədbirdə Universitetin rəhbərliyi, müəllim və tələbələr, dövlət qurumlarının və digər universitetlərin nümayəndələri iştirak edib. Milli üslubda bəzədilən səhnə, Novruz bayramı üçün xarakterik olan zəngin xonçalar, müxtəlif şirniyyatlar, novruz personajları olan Keçəl və Kosanın gəlişi hamıda xoş ovqat yaratdı və bayramın rəngarəngliyini daha da artırdı. Tədbirdə çıxış edən Tələbə Gənclər Təşkilatının sədri Şahsuvar Hacızadə Novruzun gəlişi münasibətilə müəllim və tələbə kollektivini təbrik edib və bu bayramın hər il sonsuz fərəhlə keçirildiyini bildirib. Onun sözlərinə görə, min illərlə tarixə malik olan Novruz təkcə təbiətin oyanışını, bəşəriyyətin yaraşının təcəssümü deyil, həm də insanların ümidlənməsinə, niyyətlənməsinə şərait yaradan bayramdır. Konsert proqramı ilə davam edən tədbirdə tanınmış müğənnilərindən olan Elnur Məmmədov, Gökan Erol, Məhin Hümbətova, Sadiq Məmmədov, Malik Həsənov, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, Bakı Musiqi Akademiyasının, Azərbaycan Milli Konservatoriyasının milli geyimli tələbələrinin ifaları və rəqsləri iştirakçıların bayram əhval-ruhiyyəsinə xoş ovqat qatıb. Daha sonra, Novruzun bir sıra qədim adət-ənənələri yada salan səhnələr nümayiş olunub, fakültələrarası xonça müsabiqəsi keçirilib, yumurta döyüşdürülüb. Sonda isə, gənc muğam ustalarının ifasında “Qarabağ şikəstəsi” səsləndirilib.

OXŞAR XƏBƏRLƏR