“Kor təəssübkeşliklə vətənpərvərlik hissləri aşılana bilməz” – MÜNASİBƏT

GƏNCLİK
11:01 08.10.2011
1917

Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr olunan Vətənpərvərlik mövzusunda gənclərin 1-ci Ümumrespublika Teatr Festivalı davam edir.

Festivalla bağlı AZXEBER.COM portalı Azərbaycan İslam Demokrat partiyasının sədri Hacı Tahir Abbaslının münasibətini öyrənib: “Vətənpərvərlik təkcə dildə deməklə olmur. Daha çox vətənpərvərliyi özündə əks etdirə bilən əməli işlər görmək dəyərlidir. Kor təəssübkeşliklə vətənpərvərlik hissləri aşılana bilməz. Bu təəssübkeşlik özü cəmiyyətdə daha çox ictimai ədalətsizlik toxumu səpir. Belə ki, yaxşıllarla pislərin birgə «fəaliyyətinə» şərait yaranır. Nəyin həqiqət, nəyin yalan olduğunu ayırd etmək olmur. Bu isə cəmiyyətdə anormal xüsusiyyətlərin əmələ gəlməsi ilə nəticələnir. Vətənpərvərlik özü bir elmdir ki, əxlaq, mənəviyyat və imanla bağlıdır. Gənclik kamala yetişdikcə, ictimailəşdikcə ilk öncə vətənpərvərlik duyğuları ilə üzləşir. O fitrətən əhatə dairəsində, qohum-əqrabasında eləcə də millət və dövlətdə özünü bir ailə üzvü kimi hiss etməyə başlayır. Gəncliyin bu hissləri ilə oynamaq və öldürmək olmaz. Əksinə münbit şərait yaratmaq cəmiyyətin eləcədə dövlətin ən müqəddəs işlərindən biri olmalıdır. Vətənpərvrlik özü gözəl bir nemətdir. Kaş bütün gənclik bu neməti dada biləydi, onun mənəvi ləzzətini duyaydı”.

Qeyd edək ki, Azərbaycan teatr tarixində ilk dəfə gənclər arasında Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş vətənpərvərlik mövzusunda teatr festivalının ideya müəllifi millət vəkili Jalə Əliyevadır. Layihə Gənclər və İdman Nazirliyinin və Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə icra olunur. Festivalı “Sağlam Düşüncə” Gənclər Təşkilatı həyata keçirir.

Əfsələddin Ağalarov

OXŞAR XƏBƏRLƏR