Həkim Rəfiqə Kərimlinin oğlu üçün doğum günü sürprizi
Məlum məsələdir ki, COVİD-19 virusundan əziyyət çəkən xəstələrin müalicə aldığı xəstəxanalarda çalışan həkimlər ehtiyat tədbirləri ilə bağlı ciddi karantin rejimi dövründə evlərinə gedə bilmir. Ağır iş rejimində çalışan həkimlərimiz bütün məhdudiyyətlərə baxmayaraq, öz peşə borcunu şərəflə yerinə yetirməkdə davam edir.
AZXEBER.COM xəbər verir ki, belə fədakar həkimlərimizdən biri də Mərkəzi Neftçilər Xəstəxanasında çalışan reanimatoloq Rəfiqə Kərimlidir.
20 ilə yaxın iş təcrübəsi olan Rəfiqə xanım da koronavirus xəstələrinin müalicəsi ilə məşğuldur. 3 uşaq anası olan həkim artıq 25 gündür ki, məlum səbəblər üzündən evinə getmir və ailəsini görə bilmir. Onun 12 və 5 yaşında oğlanları, 16 yaşlı qızı var. Bu gün böyük oğlu Fəridin doğum günüdür və Rəfiqə xanım bu əziz gündə övladının yanında ola bilməyəcək.
Heydər Əliyev Fondunun "Regional İnkişaf” İctimai Birliyinin (RİİB) gəncləri bu çətin günlərdə vətəndaşlarımızın həyatı üçün əlindən gələni edən, öz həyatını risqə atmaq bahasına olsa da daim işinin başında olan həkimimizi sevindirmək, övladlarına analarının müvəqqəti yoxluğunu az da olsa unutdurmaq qərarına gəliblər.
RİİB əməkdaşları Rəfiqə xanımın oğluna əsl doğum günü sürprizi hazırlayıb.
19 aprel gecə yarısı Rəfiqə xanımın övladları qapıda ən sevdikləri cizgi filmi qəhrəmanlarını görəndə həm təəccüblənib, həm də çox seviniblər. RİİB əməkdaşları doğum günü səbəbkarına digər hədiyyələrlə yanaşı, simvolik olaraq, üzərində sevdiyi qəhrəmanlar əks olunan tort da gətirib.
Daha sonra Rəfiqə xanımla görüntülü telefon əlaqəsi yaradılıb və ailə virtual da olsa tortun şamlarını birgə söndürüb, ad gününü birlikdə qeyd ediblər.
Gecəsini gündüzünə qatıb, həyatla mübarizə aparan xəstələrə şəfa tapmaqda kömək edən bir həkim, bir ana üçün belə həssas məqamda bu çox gözəl bir hadisə idi. Anaları üçün çox darıxan, həftələrdir nəfəsinə, üzünə həsrət qalan övladları üçünsə əsl hədiyyə.
Heydər Əliyev Fonduna, RİİB-ə bu gözəl sürpriz üçün təşəkkür edən Rəfiqə Kərimli, eyni zamanda vətəndaşları evdə qalmağa səsləyib: "Artıq uzun zamandır ailəmi, övladlarımı görmürəm.
Evdəkilər üçün çox darıxıram. Amma xəstələri görəndə bir daha başa düşürəm ki, onların bizə daha çox ehtiyacı var. Biz sizə görə həyatımızı risqə atmağa hazırıq, təki bu virus bizdən növbəti canı almasın. Siz də bizə kömək edin, evdə qalın, evdə qalın ki, gücümüzə güc qatasız! Biz birlikdə güclüyük!”