Korrupsiyanı ifşa edənə pul veriləcək – Maaşının 25 mislindən çox…

Korrupsiyanı ifşa edənə pul veriləcək – Maaşının 25 mislindən çox…
SOSİAL
12:43 07.10.2026
179
Məlum olduğu kimi, Azərbaycanda korrupsiya barədə məlumat verən şəxslərə maddi mükafat ödənilməsi təklif olunur.

Yeni qanun layihəsinə əsasən, verilən məlumat korrupsiya faktını təsdiqləyərsə, məlumat verən şəxsə maddi mükafat ödəniləcək. Mükafat minimum əməkhaqqının 25 mislindən çox ola bilməz.

Bundan əlavə, korrupsiya işi nəticəsində dövlətə qaytarılan vəsaitin 5 faizinin məlumat verən şəxsə ödənilməsi nəzərdə tutulur. Layihədə məlumat verənin kimliyinin məxfi saxlanılması, həmçinin məlumat verdiyi üçün xəsarət alan və ya həlak olan şəxslər və onların ailələri üçün ödənişlərin edilməsi də təklif olunur.

Mövzu ilə bağlı AZXEBER.COM-a danışan vəkil Roman Qaraşov bildirib ki, korrupsiya barədə məlumat verən şəxslərin maddi həvəsləndirilməsi düzgün hüquqi təminatlarla birlikdə tətbiq olunarsa, korrupsiyanın aşkarlanmasında işlək mexanizmə çevrilə bilər:

"Fikrimcə, korrupsiya barədə məlumat verən şəxslərin maddi həvəsləndirilməsi düzgün hüquqi təminatlarla birlikdə tətbiq olunarsa, korrupsiyanın aşkarlanmasında real mexanizm ola bilər. Çünki korrupsiya hüquqpozmaları əksər hallarda qapalı münasibətlər daxilində baş verir və bu faktların kənardan müəyyən edilməsi hər zaman mümkün olmur. Bu baxımdan, sistem daxilindən məlumat verən şəxsin rolu xüsusi əhəmiyyət daşıyır. Hazırda müzakirə olunan layihə məlumat verən şəxsin hüquqi müdafiəsini maddi həvəsləndirmə mexanizmi ilə tamamlayır. Məlumat təsdiqləndikdə müəyyən edilmiş qaydada mükafatın verilməsi, həmçinin bəzi hallarda dövlətə qaytarılan vəsaitin 5 faizinin məlumat verən şəxsə ödənilməsi nəzərdə tutulur. Lakin burada əsas məsələ yalnız mükafatın məbləği deyil. Məlumat verən şəxs kimliyinin açıqlanmasından, işini itirməkdən və müxtəlif təzyiqlərlə üzləşməkdən qorxmamalıdır. Əgər real hüquqi müdafiə təmin olunmasa, yüksək məbləğdə mükafat belə şəxsi məlumat verməyə sövq etməyə bilər”.
 
 

Vəkilin sözlərinə görə, yeni mexanizmin effektiv olması üçün məlumat verən şəxsin təhlükəsizliyi və hüquqi müdafiəsi əsas şərtlərdən biridir:

"Düşünürəm ki, sistemin effektivliyi üç əsas məsələdən asılı olacaq. İlk növbədə, verilən məlumat obyektiv və müstəqil şəkildə araşdırılmalıdır. İkincisi, məlumat verənin kimliyi qorunmalı və ona qarşı hər hansı qisas xarakterli tədbirlərin qarşısı alınmalıdır. Üçüncüsü isə mükafatın verilməsi üçün əvvəlcədən aydın və şəffaf meyarlar müəyyən edilməlidir. Bu təminatlar işlək olarsa, maddi mükafat korrupsiya faktlarının üzə çıxarılması üçün əlavə stimul yarada bilər. Əks halda isə sistemdən şəxsi maraqlar və əsassız məlumatlar üçün istifadə edilməsi riski yarana bilər”.

Fəridə Əsədzadə
OXŞAR XƏBƏRLƏR