Zaman-zaman gündəmə gələn məsələlərdən biri də Azərbaycan dilində xarici mənşəli terminlərin istifadəsidir. Bu dəfə müzakirə mövzusu Milli Məclisdə baxılan "Kraudfandinq haqqında” qanun layihəsinin adı olub. Deputatlar qanunun adının Azərbaycan dilinə uyğunlaşdırılması və ya beynəlxalq termin kimi saxlanılması ilə bağlı fərqli mövqelər səsləndiriblər.
Deputat Hikmət Məmmədov çıxışı zamanı qanun layihəsinin adının Azərbaycan dilinə uyğunlaşdırılmasını təklif edib. O bildirib ki, "kraudfandinq” termini cəmiyyət üçün anlaşılan deyil və dilimizə yaddır.
Deputatın sözlərinə görə, bu cür terminlər Azərbaycan dilinə təzyiq göstərən əsas amillərdən biridir.
Komitə sədri Azər Əmiraslanov isə təklifə münasibət bildirərək qanunun adının dəyişdirilməsinin məqsədəuyğun olmadığını deyib.
O qeyd edib ki, beynəlxalq terminləri hər zaman milliləşdirmək uğurlu nəticə verməyə bilər:
"Biz bu adları nə qədər milliləşdirməyə cəhd edəcəyiksə, müəyyən uğursuzluğumuz ola bilər. Gərək bunu tam dəqiq ifadə edək. Təhrif edilmiş adlar bu qanunun mahiyyətini təhrif edə və bizi əsas məqsəddən uzaqlaşdıra bilər”, - deyə komitə sədri bildirib.
Akademik Nizami Cəfərov AZXEBER.COM-a açıqlamasında deyib ki, burada hər iki deputat öz fikirlərinə görə haqqlıdır:
"Burada həm Hikmət Məmmədov, həm də Azər Əmiraslanov haqlıdır. Belə terminlər beynəlxalq hüquq və qanunvericilik mədəniyyətindən gəlir və təbii olaraq öz terminologiyasını da özü ilə gətirir. Bu terminləri dərhal Azərbaycan dilinə çevirməyə çalışsaq, müəyyən qeyri-dəqiqliklər və anlaşılmazlıqlar yarana bilər.
Bu baxımdan Azər Əmiraslanovun mövqeyi doğrudur. Yəni, beynəlxalq mənşəli terminlər qanunlarımızda olduğu kimi saxlanılmalıdır”.
O qeyd edib ki, həmin terminlərin qarşısında onların Azərbaycan dilində izahı olsa, cəmiyyət üçün anlaşılan olar:
"Eyni zamanda, Hikmət Məmmədovun da fikri əsaslıdır. Belə ki, həmin terminlərin qarşısında onların Azərbaycan dilində izahı və ya qarşılığı da verilməlidir ki, cəmiyyət üçün anlaşılan olsun. Bu işi isə hüquqşünaslar həyata keçirirlər. Düşünmürəm ki, bu, ciddi çətinlik yarada bilər. Hüquqşünas da azərbaycanlıdır, Azərbaycan dilini yaxşı bilir və yaxşı da bilməlidir. Buna görə də terminlərin uyğun Azərbaycan dilində qarşılığını təqdim edə bilər. Yəni, qanunda və ya qanun layihəsində həm beynəlxalq termin, həm də onun Azərbaycan dilində qarşılığı göstərilməlidir”.
"Milli Məclisin ümumi hazırlıq səviyyəsi həm beynəlxalq dilləri bilmək, həm Azərbaycan dilinə yiyələnmək, həm də qanunvericiliyin hüquqi dilini mənimsəmək baxımından kifayət qədər yüksəkdir. Bu yanaşma gələcəkdə daha da təkmilləşdirilə bilər. Ümumiyyətlə, həm elmi dilimizdə, həm də hüquqi və qanunvericilik dilində bu paralellik mövcuddur. Ona görə də hər iki variantın qanunvericilikdə yer alması məqsədəuyğundur. Gələcəkdə hansı variantın daha çox işlənərək sabitləşəcəyi isə artıq zamanın müəyyən edəcəyi ayrı bir məsələdir”,-deyə akademik qeyd edib.
Şahanə Ziyad










































