Azərbaycanlı məktəblilərdən tarixi uğur: Beynəlxalq Fizika Olimpiadasında 5 medal

Azərbaycanlı məktəblilərdən tarixi uğur: Beynəlxalq Fizika Olimpiadasında 5 medal
SOSİAL
12:58 13.07.2026
372
Kolumbiyanın Bukaramanqa şəhərində keçirilən 56-cı Beynəlxalq Fizika Olimpiadasında (IPhO 2026) Azərbaycan məktəbliləri uğurlu nəticəyə imza atıblar.

AZXEBER.COM xəbər verir ki, iyulun 4–12-də təşkil olunan olimpiadada ölkəmizi təmsil edən komanda 3 gümüş və 2 bürünc medal qazanıb.

Gümüş medala Sumqayıt şəhəri Nizami Gəncəvi adına Texniki və təbiət elmləri liseyinin XI sinif şagirdi Zeynəb Məhəmmədli, Sumqayıt şəhəri Təbiət elmləri təmayüllü gimnaziyanın XI sinif şagirdi Bəxtiyar Ağayev və Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin XI sinif şagirdi Murad Xəlil layiq görülüblər.

Bürünc medal isə Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdi Raiq Babazadə və Bakı şəhəri Texniki-humanitar liseyin XI sinif şagirdi Məhəmməd Cəfərli qazanıblar.

Qeyd edək ki, Azərbaycan məktəbliləri bu nəticə ilə Beynəlxalq Fizika Olimpiadasında son 20 ilin ən yüksək göstəricisinə nail olublar.

Beynəlxalq Fizika Olimpiadası məktəblilər arasında fizika fənni üzrə keçirilən ən nüfuzlu bilik yarışlarından biri hesab olunur. Bu ilki olimpiadada dünyanın müxtəlif ölkələrindən yüzlərlə məktəbli iştirak edib.
 

 

 


OXŞAR XƏBƏRLƏR