Kredit öhdəlikləri üzrə zaminlik məsələsi vətəndaşlar arasında tez-tez suallar doğuran hüquqi mövzulardan biridir.
Bəs belə bir halda şəxsin zamin kimi tanınması və onun əməkhaqqından və ya pensiyasından kredit borcuna görə tutulma aparılması hüquqi baxımdan mümkündürmü?
Mövzu ilə bağlı Demokrat.az-a açıqlama verən hüquqşünas Misirə Xəlilzadə bildirib ki, Azərbaycan Respublikasının mülki qanunvericiliyinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
Onun sözlərinə görə, bu baxımdan zaminlik əsas öhdəlikdən asılı olan, yəni aksessor öhdəlikdir:
"Başqa sözlə, zaminliyin aksessor (əlavə) xarakteri ondan ibarətdir ki, zaminlik müstəqil deyil, əsas öhdəliyə bağlı olan təminat vasitəsidir. Başqa sözlə, zaminlik müqaviləsi borclunun icra etmədiyi və ya lazımınca icra etmədiyi əsas öhdəliyin icrasını təmin etmək məqsədilə həmin öhdəliyə əlavə xarakter daşıyır.
Buna görə də zaminliyin hüquqi qüvvəsi əsas öhdəliyin mövcudluğu və etibarlılığı ilə birbaşa əlaqəlidir.
Belə ki, əsas öhdəlik etibarsız hesab edilərsə, həmin öhdəliyin icrasını təmin edən zaminlik də hüquqi qüvvəsini itirir və etibarsız hesab olunur. Lakin bunun əksi, yəni zaminlik müqaviləsinin etibarsız olması əsas öhdəliyin də avtomatik olaraq etibarsız hesab edilməsinə səbəb olmur. Başqa sözlə, zaminlik əsas öhdəliyin hüquqi taleyindən asılı olsa da, əsas öhdəliyin etibarlılığı zaminlik müqaviləsinin etibarlılığından asılı deyil.
Bu münasibətlərdə zaminlik müqaviləsinin forması xüsusi hüquqi əhəmiyyət daşıyır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 471-ci maddəsinə əsasən, zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur”.
Hüquqşünas əlavə edib ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya
Məhkəməsinin 14.07.2015-ci il tarixli qərarında da qeyd edilmişdir ki, "Mülki Məcəllənin 471-ci maddəsinə əsasən zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır:
"Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. Beləliklə, qanunvericiliyin tələblərinə görə zaminlik müqaviləyə əsaslanan öhdəlikdir. Bunun nəticəsində zaminliyin yaranması və etibarlılığı hər hansı müqavilə öhdəliyinin yaranması və etibarlılığı üçün zəruri olan bütün şərtlərin mövcudluğunu tələb edir. Buna görə də zaminlik öhdəliyi şərtsizdir, öhdəliyin icrasından birtərəfli imtina və onun şərtlərinin birtərəfli qaydada dəyişdirilməsi yolverilməzdir.
"İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 43.1.2-ci maddəsinə əsasən, tələbin borclunun əməkhaqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi məcburi icra tədbirlərindəndir.
Nəzərə alınmalıdır ki, məcburi icra tədbirləri şəxsin mülkiyyət və əmlak hüquqlarına birbaşa müdaxilə yaradan hüquqi vasitələrdir. Bu səbəbdən belə tədbirlər yalnız qanunda nəzərdə tutulmuş əsas və qaydada, qüvvədə olan və icrası məcburi olan hüquqi sənədə əsasən həyata keçirilə bilər.
Etibarsız zaminlik müqaviləsi isə zamin üçün nəzərdə tutulan məsuliyyətin yaranmasına əsas verən etibarlı hüquqi əsas kimi qəbul edilə bilməz. Bu mövqenin məntiqi nəticəsi ondan ibarətdir ki, şəxsin zamin kimi məcburi icra tədbirlərinə cəlb edilməsi üçün, ilk növbədə, onun zaminlik öhdəliyinin etibarlı şəkildə yaranması, həmin öhdəliyin yazılı zaminlik müqaviləsi ilə təsdiq edilməsi və sonradan bu öhdəliyə əsaslanan qanuni icra sənədinin mövcudluğu müəyyən edilməlidir.
Bu elementlərdən hər hansı biri mövcud olmadıqda, həmin şəxsə münasibətdə zaminlikdən irəli gələn məsuliyyətin və onun əsasında məcburi icra tədbirinin tətbiqinin qanuniliyi şübhə altına düşür.
Beləliklə, zaminin yalnız şifahi razılığı, hər hansı şəxsin şifahi şəkildə "zamin durması”, yaxud tərəflərin sonradan belə bir razılaşmanın mövcudluğunu iddia etməsi öz-özlüyündə
Mülki Məcəllənin 471-ci maddəsinin tələb etdiyi yazılı zaminlik müqaviləsini əvəz etmir.
Yazılı müqavilə olmadan şəxsin zamin kimi tanınması üçün qanuni əsas mövcud deyil.
Əsassız olaraq hər hansı şəxsin zamin kimi tanınması, zaminlik müqaviləsi olmadan onun üzərinə zaminlikdən irəli gələn öhdəliklərin qoyulması və ya bu əsasla həmin şəxs barəsində məcburi icra tədbirlərinin tətbiq edilməsi halında, həmin şəxsə öz hüquq və qanuni mənafelərinin müdafiəsi məqsədilə qanunvericilikdə nəzərdə tutulmuş hüquqi müdafiə vasitələrindən istifadə etməsi tövsiyə olunur”, - deyə Misirə Xəlilzadə fikrini tamamlayıb.










































