Mərkəzi Bank kredit sığortalanması ilə bağlı yeni mexanizm hazırlayır.
AZXEBER.COM-un Xezerxeber.az-a istinadən məlumatına görə, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
Millət vəkilinin sözlərinə görə, yeni mexanizm kredit götürən və sonradan iş yerini itirən vətəndaşların ödənişlərinin sığortalanmasına imkan verəcək.
Deputat bildirib ki, hazırda ölkədə İşsizlikdən Sığorta Fondu fəaliyyət göstərir və iş yerini itirən vətəndaşlara müavinət ödənilir. Gözlənilir ki, oxşar mexanizm bank sektorunda da tətbiq ediləcək.
Millət vəkilinin sözlərinə görə, hazırlanmaqda olan yeni mexanizm və kredit risklərinin sığortalanmasına dair məhsul vətəndaşların kredit resurslarına çıxış imkanlarını daha da genişləndirəcək.
Vüqar Bayramovun sözlərinə görə, vacib məsələlərdən biri də yeni sığorta məhsulunun tətbiqi nəticəsində kredit faizlərində ciddi artımın baş verməməsidir. O hesab edir ki, bankların kredit faizlərini də aşağı salması məqsədəuyğun olar. Bu halda kredit götürən şəxslər həm riskləri sığortalaya, həm də gözlənilməz hallarda risklərin sığorta şirkəti ilə bölüşdürülməsinə nail ola bilərlər.











































