Kreml Putin-Uitkoff görüşündə nələrin müzakirə olunduğunu açıqladı

Kreml Putin-Uitkoff görüşündə nələrin müzakirə olunduğunu açıqladı
DÜNYA
22:44 21.10.2026
227
Rusiya Prezidenti Vladimir Putin ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffla görüşündə Moskvanın Ukrayna ilə bağlı üçtərəfli danışıqları noyabrın ikinci ongünlüyündə bərpa etməyə hazır olduğunu bildirib.

Rg.ru xəbər verir ki, bu barədə Rusiya liderinin köməkçisi Yuri Uşakov görüşün nəticələri ilə bağlı açıqlamasında deyib.

Sankt-Peterburqdakı Konstantin sarayında keçirilən görüş təxminən üç saat davam edib. Tərəflər Ukrayna münaqişəsinin davamlı sülhlə başa çatdırılması yollarını müzakirə ediblər. Danışıqların Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilməsi ehtimalı var.

Uşakovun sözlərinə görə, Uitkoff Rusiyanın danışıqları bərpa etmək niyyətinin ABŞ Prezidenti Donald Tramp tərəfindən müsbət qarşılanacağını bildirib.

Görüşdə Ukraynanın və Avropa ölkələrinin mövqelərindəki dəyişikliklər də müzakirə olunub. Bununla belə, Uşakov münaqişənin həlli ilə bağlı konkret təkliflərin az olduğunu qeyd edib.

Putin cəbhədəki vəziyyətlə bağlı Rusiyanın qiymətləndirməsini də təqdim edib və Rusiya qoşunlarının strateji təşəbbüsə malik olduğunu iddia edib.

Tərəflər xarici bazarlara yanacaq tədarükü ilə bağlı razılaşmaları, qlobal yanacaq bazarlarının sabitliyini və birgə iqtisadi layihələri də müzakirə ediblər.

Uşakovun bildirdiyinə görə, Çin noyabrın 18-19-da Şençjendə keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı (APEC) sammiti çərçivəsində Putin, Si Cinpin və Donald Trampın mümkün görüşünü təşkil etmək imkanlarını nəzərdən keçirir.

Bundan əlavə, Putin İran münaqişəsinin siyasi yolla həllinə kömək etməyə hazır olduğunu təsdiqləyib.

Uşakov həmçinin Rusiya prezidentinin ABŞ tərəfinin dəfələrlə müraciətindən sonra ABŞ vətəndaşı Stiven Habbardı əfv etdiyini bildirib. Onun sözlərinə görə, Tramp və administrasiyasının nümayəndələri Habbardın humanitar əsaslarla geri qaytarılmasını xahiş ediblər.
 
///oxu.az///
OXŞAR XƏBƏRLƏR