“Mən təcrübə obyekti deyiləm. Heç kim tərbiyəsiz əməllərində məni istifadə edə bilməz”
Xalq artisti İlhamə Quliyevanın prodüseri Lamiyə Ələkbərovanın adına saxta elektron ünvanı açılıb. Daha sonra həmin elektron ünvandan xalq artisti Flora Kərimova və İlhamə Quliyeva arasında barışıq olması ilə bağlı bir neçə xəbər portalına elektron ünvanına Lamiyə Ələkbərovanın adından məktub daxil olub.
Daha sonra Kulis.az məlumatı yalandan və qəsdən yazdığını, elektron ünvanın saxta olduğunu, məqsədin isə xəbər portallarının xəbəri dəqiqləşdirmədən sayta yerləşdirdiklərini sübut etmək olduğu haqda yazı yerləşdirib. Yazıda Publika.az-ın Lamiyə Ələkbərovadan öyrəndiyi münasibətə şübhə edildiyi də qeyd edilir. Halbuki, elektron KİV-lə proffesional məşğul olan hamı bilir ki, portalın ilk işi daxil olan məlumatı yerləşdirməkdir. Xəbərin dəqiqliyini yoxlamaq isə, ikinci işdir.
Yazıda “yoxlama” məqsədi ilə konkret şəxsin adından yalançı elektron ünvan açılıb. Bu isə İnzibati Xətalar Məcəlləsi Maddə 296. Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan və ya fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək miqdarda cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda on beş günədək müddətə inzibati həbs tətbiq olunur.
Məsələ ilə bağlı xalq artisti İlhamə Quliyevanın prodüseri Lamiyə Ələkbərova AZXEBER.COM-a danışıb. O bildirib ki, xəbər bağlı ona ilk müraciət sayt Publika.az olub. Xanım prodüser xəbəri təkzib edib. Daha sonra xəbər tutub ki, onun adından saxta elektron ünvan açıb xəbər portallarına məktub göndəriblər. Əvvəlcə nə olduğunu anlaya bilməyib. Xəbərin hansı saytda getdiyini bilməyib. Xəbəri oxuduqdan sonra özünü təhqir olunmuş və istifadə edilmiş hiss edib. Buna görə də, adıçəkilən saytla bağlı məhkəmə-hüquq mühafizə orqanlarına müraciət etməyi düşünür. Lamiyə Ələkbərovanın sözlərinə görə, ondan istifadə edilməsinə çox hiddətlənib. Bunu özünə qarşı edilmiş tərbiyəsizlik hesab edir. Törədilən əməlin hüquq pozuntusu olduğuna görə isə, məsələnin həllini uyğun instansiyaların öhdəliyinə buraxacağını deyir.
Lamiyə Ələkbərova həddindən artıq stress keçirdiyini, iki xalq artistinin adını tərbiyəsiz əməldə istifadə olunmasının pis hərəkət olduğunu, İlhamə Quliyeva sağaldıqdan sonra məsələyə onun da qarışacağını, qanun pozuntusu törətmiş saytın cəzalandırılacağını deyib.
Sonda xanım prodüser vurğulayıb ki, o təcrübə obyekti deyil, heç kim ondan tərbiyəsiz əməllərində istifadə edə bilməz.
“Buna inanıb, etibar etmək həmin KİV-in seçimidir”
Məsələnin ictimaiyyət üçün əhəmiyyətini düşünərək AZXEBER.COM portalı olaraq mətbuat səhifələrinə dezinformasiya yaymağın hüquqi tərəfini öyrənmək məqsədi ilə hüquqşünas Ələsgər Məmmədliyə müraciət etdik. Ələsgər Məmmədli informasiyanı yayımlayan portalların adı çəkilən məsələdə heç bir hüquqi məsuliyyət daşımadığını bildirdi: “Hansısa kültəvi informasiya vasitəsinin poçtuna məlumat gəlibsə, buna inanıb, etibar etmək həmin KİV-in seçimidir. Amma bu zaman həmin KİV məsuliyyət daşımır, çünki onun əlində əsas olacaq ki, onun ünvanına məlumat daxil olub, informasiyanı o uydurmayıb. Peşəkarlıq etikası baxımından yanaşsaq xəbər ən azı iki mənbədən dəqiqləşdirilməli idi. Bu baxımdan yanaşsaq jurnalistlər peşəkarlıq etikası baxımından pozuntuya yol veriblər. Amma bu xəbərdə kiməsə zərər vurulmadığından hüquqi məsuliyyət yoxdur. KİV haqqında qanunda da bu aydın şəkildə göstərilir ki, xəbərdə adı çəkilən şəxslər informasiyanı yayana qarşı məhkəmə iddiası qaldıra bilərlər, amma mediaya qarşı yox”.
Mövzuya yenidən qayıdacağıq...