ABŞ tarixinin ən məşhur açılmamış cinayət işlərindən biri ilə bağlı nadir əskinas hərracda 134 200 dollara satılıb.
AZXEBER.COM xarici KİV-ə istinadən xəbər verir ki, 1971-ci ildə təyyarə qaçıraraq pul tələb edən və sonra paraşütlə yoxa çıxan D.B. Kuperə verilmiş 20 dollarlıq əskinas kolleksiyaçıların marağına səbəb olub.
Satışa çıxarılan əskinasın üzərindəki seriya nömrələri onun Kuperə verilən pullara aid olduğunu təsdiqləyir. Bu xüsusiyyət əskinası adi kolleksiya nümunəsindən fərqləndirərək tarixi əhəmiyyətə malik eksponata çevirib.
Qeyd edək ki, hadisə 24 noyabr 1971-ci ildə baş verib. Özünü Den Kuper kimi təqdim edən şəxs ABŞ-ın "Northwest Orient Airlines” aviaşirkətinə məxsus təyyarəyə sərnişin kimi minib. O, stüardessaya üzərində bomba olduğunu bildirərək 200 min dollar və dörd paraşüt tələb edib. Tələblər yerinə yetirildikdən sonra təyyarə Sietldə yerə enib və sərnişinlər azad edilib. Daha sonra təyyarə yenidən havaya qalxıb. Kuper Sietl ilə Reno arasında uçuş zamanı, gecə saatlarında paraşütlə təyyarədən tullanıb. O, özü ilə 200 min dollar məbləğində pulu aparıb. Bundan sonra onun izinə düşmək mümkün olmayıb.
Hadisə ilə bağlı mühüm sübutlardan biri 1980-ci il fevralın 10-da ortaya çıxıb. Həmin vaxt səkkiz yaşlı Brayan İnqram ailəsi ilə birlikdə Vaşinqton ştatında Kolumbiya çayının sahilində qum qazarkən çürümüş əskinas dəstələri tapıb.
Tapılan 5 800 dolların seriya nömrələri Federal Təhqiqat Bürosunun (FBI) Kuperə verilmiş pullarla bağlı qeydləri ilə uyğun gəlib. Pulların həmin əraziyə necə düşdüyü və Kuperin taleyi bu günədək sirr olaraq qalır. Tapılan əskinasların bir hissəsi suyun və təbii şəraitin təsirindən zədələnib.
Hərracda satılan əskinasın yüksək qiymətə alıcı tapmasının əsas səbəbi onun tarixi əhəmiyyəti və nadirliyidir. D.B. Kuper hadisəsi ABŞ-ın ən məşhur açılmamış cinayət işlərindən biri hesab olunur. Onun təyyarədən tullandıqdan sonra sağ qalıb-qalmadığı, pulun qalan hissəsinin harada olduğu və əslində kim olduğu barədə müxtəlif nəzəriyyələr irəli sürülsə də, bu suallara hələ də dəqiq cavab tapılmayıb.











































