Laçın: Qarabağın dünyaya açılan yeni hava qapısı

Laçın: Qarabağın dünyaya açılan yeni hava qapısı
SİYASƏT
10:17 26.08.2026
197
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa, quruculuq və yenidənqurma işləri uğurla davam etdirilir. Bölgənin dayanıqlı inkişafının təmin olunması, müasir infrastrukturun yaradılması və işğaldan azad edilmiş ərazilərin ölkənin iqtisadi həyatına sürətli inteqrasiyası istiqamətində həyata keçirilən layihələr sırasında hava limanlarının inşası xüsusi strateji əhəmiyyət daşıyır.

Bu baxımdan Laçın Beynəlxalq Hava Limanı Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yaradılan mühüm nəqliyyat infrastrukturu layihələrindən biri olmaqla yanaşı, bölgənin beynəlxalq statusunun və strateji əhəmiyyətinin daha da yüksəldilməsinə xidmət edir. Mürəkkəb dağlıq relyefdə inşa edilən Laçın Beynəlxalq Hava Limanı işğaldan azad edilmiş ərazilərdə istifadəyə verilən üçüncü beynəlxalq hava limanıdır.

Hava limanının tikintisinə 2021-ci ilin avqust ayında başlanılıb. Layihənin təməli həmin il Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən qoyulub. Mürəkkəb relyef və yüksəklik şəraitinə baxmayaraq, tikinti işləri müasir texnologiyalar və yüksək mühəndislik standartları əsasında həyata keçirilib.

Laçın Beynəlxalq Hava Limanı 28 may 2025-ci ildə istifadəyə verilib. Hava limanının fəaliyyətə başlaması ilə Azərbaycanın beynəlxalq hava limanlarının sayı doqquza çatıb. Bu isə ölkəmizin nəqliyyat və logistika imkanlarının daha da genişləndirilməsi baxımından mühüm göstəricidir.

Laçın rayonunun Qorçu kəndində, dəniz səviyyəsindən təxminən 1700 metr yüksəklikdə yerləşən hava limanının ümumi ərazisi 130 hektardan çoxdur. Beləliklə, Laçın Beynəlxalq Hava Limanı Azərbaycanın dəniz səviyyəsindən ən yüksəkdə yerləşən hava limanı kimi də diqqəti cəlb edir. Onun inşası yüksək dağlıq ərazidə mürəkkəb mühəndislik və tikinti işlərinin uğurla həyata keçirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Laçın Beynəlxalq Hava Limanı yalnız nəqliyyat infrastrukturu deyil, eyni zamanda regionun gələcək sosial-iqtisadi inkişafına mühüm təsir göstərəcək strateji layihədir. Hava nəqliyyatının imkanlarının genişlənməsi bölgəyə səfərlərin asanlaşdırılmasına, biznes əlaqələrinin inkişafına, investisiya imkanlarının artmasına və turizm potensialının daha səmərəli reallaşdırılmasına şərait yaradır.

Xüsusilə Laçın və ətraf rayonların zəngin təbiəti, dağlıq landşaftı, turizm və rekreasiya imkanları nəzərə alındıqda, hava limanının istifadəyə verilməsi bölgənin turizm potensialının inkişafına yeni imkanlar açır. Bu infrastruktur layihəsi gələcəkdə yerli və xarici turistlərin bölgəyə daha rahat çıxışını təmin etməklə yanaşı, Laçının beynəlxalq turizm məkanlarından birinə çevrilməsinə də mühüm töhfə verə bilər.

Ümumilikdə, Laçın Beynəlxalq Hava Limanının istifadəyə verilməsi Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi genişmiqyaslı quruculuq siyasətinin mühüm nəticələrindən biridir. Bu layihə həm ölkənin nəqliyyat-logistika imkanlarının genişləndirilməsinə, həm regionun iqtisadi və turizm potensialının artırılmasına, həm də Laçın rayonunun beynəlxalq əhəmiyyətinin yüksəldilməsinə xidmət edir.

Laçın Beynəlxalq Hava Limanı Azərbaycanın azad edilmiş ərazilərində yeni inkişaf mərhələsinin mühüm simvollarından biri olmaqla, bölgənin gələcək iqtisadi, turizm və nəqliyyat potensialının reallaşdırılmasına mühüm zəmin yaradır.
 
Müəllif: Qismət Rəcəbov
Göygöl RİHB Aparatının böyük məsləhətçisi

OXŞAR XƏBƏRLƏR