''Gürcüstanın Azərbaycan iqtisadiyyatına yatırdığı investisiyaların həcmi 460 milyon təşkil edib. İki ölkə arasında iqtisadi əməkdaşlıq çərçivəsində yeni layihələrin həyata keçirilməsi də nəzərdə tutulur''.
AZXEBER.COM xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Gürcüstanın baş nazir müavini və xarici işlər naziri Maka Boçorişvili ilə birgə mətbuat konfransında deyib.
Nazir bildirib ki, ötən ay iki ölkənin baş nazirlərinin iştirakı ilə İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclası keçirilib. İclasın yekununda qəbul edilən sənəddə müxtəlif sahələrdə icra olunan və yeni həyata keçirilməsi nəzərdə tutulan layihələr öz əksini tapıb.
C.Bayramov qeyd edib ki, bu layihələrin icrası daha yaxşı nəticələrin əldə olunmasına imkan verəcək. O, iki ölkənin şirkətlərinin iştirakı ilə həyata keçirilən və bütün region üçün əhəmiyyət daşıyan layihələr arasında enerji sahəsindəki əməkdaşlığı xüsusi vurğulayıb.
Nazir bu istiqamətdə Bakı-Tbilisi-Ceyhan neft kəməri və Cənub Qaz Dəhlizi kimi regional enerji layihələrini qeyd edib.
Aynur Babazadə











































