Gürcü nazir: Bu marşrut 6 illik fasilədən sonra bərpa olundu

Gürcü nazir: Bu marşrut 6 illik fasilədən sonra bərpa olundu
SİYASƏT
18:55 24.11.2026
61
''Azərbaycan və Gürcüstan arasında nəqliyyat, energetika və regional əməkdaşlıq sahələrində mühüm addımlar atılıb.''

AZXEBER.COM xəbər verir ki, bu sözləri Gürcüstanın baş nazir müavini və xarici işlər naziri Maka Boçorişvili Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.

O bildirib ki, iki ölkə arasında siyasi gündəlik kifayət qədər genişdir və bu, daimi məlumat mübadiləsini, eləcə də yeni ideyalar üzərində birgə işləməyi tələb edir.

Nazirin sözlərinə görə, 2026-cı il Azərbaycan-Gürcüstan münasibətləri baxımından əhəmiyyətli olub və bu müddətdə mühüm addımlar atılıb.

Maka Boçorişvili xüsusilə Bakı-Tbilisi-Bakı marşrutu üzrə sərnişin qatarının altı illik fasilədən sonra hərəkətinin bərpasını vacib hadisə kimi qiymətləndirib. O qeyd edib ki, bu addım iki ölkə arasında əlaqələrin və xalqların təmaslarının dərinləşməsinə xidmət edir.

Xarici işlər naziri Bakı-Tbilisi-Qars dəmir yolunun modernləşdirilməsi layihəsinin başa çatdırılmasının da əhəmiyyətini vurğulayıb. Onun sözlərinə görə, bu layihə yalnız üç ölkə üçün deyil, bütövlükdə region üçün mühüm əhəmiyyət daşıyır və regional bağlantı imkanlarının genişləndirilməsinə töhfə verir.

O əlavə edib ki, nəqliyyat potensialının artırılması hər iki ölkə üçün vacibdir. Bununla yanaşı, cari ildə energetika sahəsində əldə olunan mühüm razılaşmalar da əməkdaşlığın daha da dərinləşməsinə və yeni regional enerji imkanlarının yaranmasına şərait yaradır.

Aynur Babazadə
OXŞAR XƏBƏRLƏR