Zahid Orucdan məmurlara - “Şəxsi maraqlar dövlət qərarlarına təsir etməməlidir”

Zahid Orucdan məmurlara - “Şəxsi maraqlar dövlət qərarlarına təsir etməməlidir”
SİYASƏT
15:47 24.11.2026
83
"Dövlət vəzifəsi şəxsi maraqlar üçün deyil, xalqa xidmət etmək üçündür. Vəzifəli şəxslərin şəxsi və iqtisadi maraqlarının dövlət qərarlarına təsir göstərməsi həm büdcə vəsaitlərinə, həm də azad rəqabətə və sahibkarlıq mühitinə ciddi zərər vura bilər”.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin üzvü Zahid Oruc "Maraqlar toqquşması haqqında” qanun layihəsini şərh edərkən bildirib. O əlavə edib ki, sənəd dövlət idarəçiliyində şəffaflığın, məsuliyyətin və peşəkarlığın artırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Deputatın sözlərinə görə, maraqlar toqquşması korrupsiya ilə eyni anlayış olmasa da, korrupsiya hallarına zəmin yarada biləcək şəraitin əvvəlcədən aradan qaldırılması baxımından vacibdir. Yeni qanunun əsas üstünlüyü də hüquq pozuntusu baş vermədən risklərin qarşısını almaq imkanının yaradılmasıdır.

Z.Oruc qeyd edib ki, xüsusilə dövlət satınalmaları, torpaq münasibətləri, özəlləşdirmə, güzəştli kreditlər və subsidiyalar maraqlar toqquşması baxımından yüksək riskli sahələrdir. Onun sözlərinə görə, tenderlərdə qərar qəbul edən şəxsin iştirakçılardan biri ilə gizli iqtisadi əlaqəsinin olması dövlət büdcəsinə zərər vurmaqla yanaşı, daha sərfəli təkliflər təqdim edən sahibkarların da prosesdən kənarda qalmasına səbəb ola bilər.

Deputat diqqətə çatdırıb ki, risklər yalnız iqtisadi sahələrlə məhdudlaşmır. Dövlət qulluğuna qəbul, vəzifədə irəli çəkilmə və elmi qrantların bölüşdürülməsi zamanı da qohumluq və şəxsi münasibətlərin qərarlara təsir etməsi obyektivliyə şübhə yaradır.

O, beynəlxalq təcrübədə "fırlanan qapı” adlandırılan məsələyə də toxunub. Bildirib ki, dövlət sifarişləri və lisenziyalarla bağlı qərar qəbul etmiş şəxsin sonradan həmin şirkətlərin maraqlarını əvvəlki işlədiyi qurumda təmsil etməsi ciddi risklər yaradır. Qanun layihəsində belə halların qarşısını almaq üçün vəzifədən ayrıldıqdan sonra iki il müddətində əvvəl çalışdığı qurumun işləri üzrə üçüncü şəxsləri təmsil etməyə məhdudiyyət nəzərdə tutulur.

Z.Oruc qanunun effektiv icrası üçün maliyyə məlumatlarının bəyan edilməsi mexanizminin işlək vəziyyətə gətirilməsini, dövlət satınalmaları və torpaq münasibətləri üzrə risk xəritələrinin hazırlanmasını, eləcə də qanunun icrası ilə bağlı illik ictimai hesabatların təqdim olunmasını vacib sayıb.

Deputat sonda vurğulayıb ki, dövlət vəzifəsinin ən böyük imtiyazı xalqın etimadıdır və heç bir şəxsi maraq bu etimaddan üstün ola bilməz.

Aynur Babazadə
OXŞAR XƏBƏRLƏR