'Lady Radio'nun 1 yaşı tamam olur

MEDİA
15:00 08.03.2012
1747

Qafqazın ilk qadın radiosu olan Lady Radio"nun 1 yaşı tamam olur. Bu haqda AZXEBER.COM-a radionun təsisçisi, tanınmış jurnalist İlhamə Novruzova məlumat verib. Onun dediyinə görə, artıq 1 ildən artıqdır ki, Azərbaycanda Qafqazın ilk qadın radiosu olan Lady Radio fəaliyyətə başlayıb. Bu müddət ərzində xanımlarımıza pozitiv və eyni zamanda işgüzar ovqat bəxş etməyə çalışan Lady Radio 8 mart Beynəlxalq Qadınlar Bayramının da izsiz ötürə bilməzdi. Bu münasibətlə cəmiyyətdə aktiv, ictimaiyyətçi, sənətçi xanımların dəvət edildiyi Red Party təşkil olunur. Maraqlı çıxışlar, viktorinalar, musiqi ilə yadda qalacaq tədbiri daha da yaddaqalan etmək üçün xüsusi dress kod seçilib. Belə ki, “Xanıma al da yaraşır, şal da!” – aksiomasını hamımız bilirik. Ancaq sirr deyil ki, çox zaman nədənsə tünd, qara, boz rənglərə üstünlük veririk. Biz tədbirə dəvət alan xanımlardan üzərlərində mütləq pozitivlik, şuxluq, həyata inam və sevinci əks etdirəcək qırmızı rəngli elementlə təşrif buyurmalarını xahiş etmişik.

Tədbirdə millət vəkilləri Gövhər Baxşəliyeva, Jalə Əliyeva, Gülər Əhmədova, Qənirə Paşayeva, Hesablama Palatasının auditoru Mehriban Alışanova, əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova aktiv fəaliyyətlərinə və cəmiyyətdə yaratdıqları pozitiv qadın obrazına görə xüsusi diplomla təltif ediləcəklər. Gənclər təşkilatları, həmçinin QHT, media və ictimaiyyət nümayəndələrinin dəvət aldığı tədbirdə Ədalət Şükürov, Nadir Qafarzadə, Elnur Məmmədov, Rəhim Rəhimli, Abbas Bağırov və s. müğənnilər xanımlara mahnı ərməğanı edəcəklər.

Qeyd edək ki, tədbir Martın 9 - da saat 19:00 –da Neon Palace (Nizami rayonu, Mikayıl Əliyev küç, 17) keçiriləcək.

OXŞAR XƏBƏRLƏR