Layihə çərçivəsində sonuncu tədbir keçirildi

GƏNCLİK
15:06 17.06.2015
1832
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyilə Rauf Fərzəliyev tərəfindən icra olunan “Gənclərin hərbi-vətənpərvərlik tərbiyəsinin artırılmasına dəstək” layihəsi çərçivəsində sonuncu tədbir keçirilib.
Tədbir Sumqayıt şəhərində 4 nömrəli tam orta məktəbdə layihə rəhbəri Rauf Fərzəliyevin, ekspert Anar Həsənlinin, məktəbin Azərbaycan dili və ədəbiyyat müəlliməsi Təranə Mikayılovanın iştirakı ilə keçirilib.
Tədbiri giriş sözü ilə açan layihə rəhbəri Rauf Fərzəliyev layihənin donoru olan Gənclər Fondu və onun yaranmasından, Fondun dəstəyilə həyata keçirilən layihələrdən, bu gün respublikada prezident İlham Əliyevin yürütdüyü gənclər siyasətindən və həyata keçirilən layihənin məqsədindən danışıb.
28 may – Respublika günü qeyd olunacağından danışan layihə rəhbəri Azərbaycan Xalq Cümhuriyyətinin cəmi 23 ay fəaliyyət göstərdiyini qeyd edərək Azərbaycan üçün təhlükələrin 1993-cü ilin iyununda ümummilli lider Heydər Əliyevin xalqın tələbi ilə yenidən hakimiyyətə gəlməsi ilə aradan qaldırdığını qeyd edib. “Heydər Əliyevin malik olduğu güclü iradə, uzaqgörən siyasət və digər mühüm keyfiyyətlər Azərbaycan dövlətçiliyini məhv olmaq təhlükəsindən xilas etdi və beləliklə, ölkədə dövlətçiliyin yeni inkişaf mərhələsi başladı. Ulu öndərin müəllifi olduğu yeni neft strategiyası “Əsrin müqaviləsi”nin imzalanması, müstəqilliyimizin ən mühüm simvollarından olan Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çəkilməsi ilə tarixə qovuşdu”.
Layihə rəhbəri qeyd edib ki, Heydər Əliyev Azərbaycanın məsuliyyətini uzun illər öz çiyinlərində daşımış, onu bir dövlət və xalqımızı bir millət kimi tarixin ağır və sərt sınaqlarından çıxarmış, müasir Azərbaycan adlandırdığımız müstəqil məmləkəti, onun bugünkü həqiqətlərini, işıqlı sabahının etibarlı bünövrəsini yaratmışdır. Bu illər ərzində Azərbaycan xalqının ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəliş onun adı ilə bağlıdır.
R. Fərzəliyev Heydər Əliyevin xatirəsinə xalqımızın ehtiramını ifadə etmək arzusundan, onun zəngin mənəvi irsini əks etdirmək, milli dövlətçilik ideyalarını yeni nəsillərə aşılamaq zərurətindən irəli gələrək Heydər Əliyev Fondunun yaradılmasından danışıb. 2004-cü ildən fəaliyyətə başlamış Heydər Əliyev Fondu təhsil, səhiyyə, mədəniyyət, idman, elm və texnologiya, ekologiya, sosial və digər sahələrdə müxtəlif layihələr həyata keçirərək yeni cəmiyyət quruculuğunda fəal iştirak edir, ölkənin sosial-iqtisadi inkişafına öz töhfəsini verir. Bundan başqa Heydər Əliyev Mərkəzi də fəaliyyət göstərir.
Layihə rəhbəri qeyd edib ki, Heydər Əliyev Fondunun prezidenti Azərbaycanın birinci xanımı, millət vəkili, UNESCO və ISESCO-nun Xoşməramlı səfiri Mehriban xanım Əliyevadır.
Sonra məktəbin Azərbaycan dili və ədəbiyyat müəlliməsi Təranə Mikayılova çıxış edib. Təranə Mikayılova çalışdığı məktəbin vətənpərvərlik mövzusunda gördüyü işlərdən, 9 may- Qələbənin 70 illik yubileyi münasibətilə Sumqayıt şəhərində təşkil edilən hərbi paradda şagirdlərin hərbi yürüyüşdə 1-ci yeri tutmalarından danışıb. T. Mikayılova şagirdləri bu mövzulara qarşı daha diqqətli və məsuliyyətli olmağa çağırıb.
Daha sonra çıxış edən ekspert Anar Həsənli Azərbaycanda keçirilən islahatlardan, yüksək inkişafdan, gənclər siyasətindən, artıq başlanılmasına sayılı günlər qalmış Azərbaycanda keçiriləcək ilk Avropa Oyunlarından danışıb. Ekspert “Bakı 2015” ilk Avropa Oyunlarının məhz Azərbaycanda keçirilməsinin respublikamızın böyük uğuru olmasını deyib. Respublikamızın qısa vaxtda “Bakı 2015” üçün bütün hazırlıqları tamamlamaq üzrə olduğunu deyən ekspert, bunu dövlətimizin inkişafı, qüdrəti və quruculuğu ilə əlaqələndirib.
Bu gün Azərbaycanda idmana ayrılan diqqət və qayğının gənclərimizin vətənpərvərlik hissinin artırılmasına, sağlam və hazırlıqlı inkişaflarına yönəlməsindən danışan ekspert, məhz Bakıda keçiriləcək ilk Avropa Oyunlarının dünyada Azərbaycanın təmsilində oynayacağı rolunu da xüsusi vurğulayb.
Layihə rəhbəri layihənin keçirilməsinə dəstək verdiyi üçün Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun rəhbərliyinə, şərait yaratdıqlarına görə Sumqayıt şəhər 4 №li tam orta məktəbin və 3 №li Sumqayıt Peşə liseyinin direktor və müəllim kollektivinə və şagirdlərə təşəkkür edib və layihənin yekunlaşdığını bildirib.
Tədbir şagirdlər tərəfindən böyük maraqla qarşılanıb.
Sonda şagirdlərə layihə çərçivəsində hazırlanan bukletlər paylanılıb və xatirə şəkilləri çəkdirilib.

OXŞAR XƏBƏRLƏR