Azərbaycan vətəndaşının xeyirxah addımı Kamboca ölkəsinə də səs salıb.
AZXEBER.COM-a danışan Qalib Namazov adlı vətəndaş vəfat edən atası üçün yas mərasimi keçirmədiyini bildirib. O, atasının vəfatından sonra 40 mərasimində çadır icarəsi, molla və yasda verilən təamlara edilməli olan xərclərin yerinə ən kasıb ölkələrdən biri olan Kambocada artezian quyusu qazdırıb.
Xeyirxah vətəndaşın bu addımı həmin ölkə ictimaiyyətində də ciddi səs-küyə səbəb olub:
"Atam rəhmətə gedəndən sonra bilərək yas mərasimi təşkil etmədim. Onun yerinə Kambocada ata-anamın adını daşıyan artezian su quyusu tikdirdim. Bilirsiz bu ölkədə 1 miyona yaxın müsəlman yaşayır. Onlar da yağış sularını il ərzində bir yerə toplayırlar və bu sularla dəstəmaz alırlar, içirlər. Mən də öz valideynimin adına mərmər daş ucaltmaqdansa bu cür addım atmağa qərar verdim".
Qalib Namazov yas mərasimində israfçılığın əleyhinə olduğunu bildirib:
"Mən yas mərasimlərində israçlığın əleyhinə olan insanam. Bu qədər israfçılıq mərhumun ruhunu da narahat edir. Hər kəs bilir ki, Hacı Zeynalabdin Tağıyevin dövründə su xətti çəkilmişdi. Bu gün hamımız ona rəhmət oxuyuruq. Nə qədər insanın su problemi həll olunub onun sayəsində. Mənim çəkdiyim xərc demək olar ki, yasa çəkəcəyim xərcdən dəfələrlə aşağı oldu. Amma nə qədər insan su problemindən xilas oldu. Nə qədər müsəlman öz dini inancını yerinə yetirən zaman təmiz su ilə dəsnamaz alacaqlar. Bu mənim atam üçün yetərlidir. Əminəm ki, atamın ruhu ona edilən dualarla daha çox rahatlıq tapacaq".