“Lənkəranlı azarkeşlər buna layiq deyildilər” - Rahid Əmirquliyev

İDMAN
01:16 03.06.2016
1184
“Qarabağ”ın yarımmüdafiəçisi Rahid Əmirquliyev uzun müddət kapitanı olduğu “Xəzər Lənkəran”ın böyük futboldan getməsinə münasibət bildirib.

AZXEBER.COM azerisport.com-a istinadən xəbər verir ki, bu barədə açıqlamasında o, bunları söyləyib:

““Xəzər Lənkəran” barədə yazılanları oxumaq mənə çox ağırdır. Bu komandasız Premyer Liqaya maraq azalacaq. Azarkeşsiz futbol kimə lazımdır ki? Lənkəranda isə böyük azarkeş ordusu var idi. Əvvəllər Lənkəran stadionunda elə atmosfer olurdu ki, elə bilirdin çempionat yox, avrokubok oyunundasan. Son dövrlər bu şəhərdə azarkeş marağı sadəcə komandanın uğursuz çıxışına görə azalmışdı. Hələ də niyə belə olduğunu anlaya bilmirəm. Əslində, “Xəzər Lənkəran”da maliyyə problemləri hələ mən orda olarkən, iki il əvvəl yaranmağa başlamışdı.

“Xəzər Lənkəran”ın yoxluğu Azərbaycan futbolu üçün böyük itkidir. Əskinə, “Xəzər Lənkəran” kimi komandaların sayını artırmaq lazım idi. Əvəzində, biz belə bir klubu itirdik. Özü də təkcə klubu yox, həm də çoxlu azarkeşi itirdik. Halbuki, lənkəranlı azarkeşlər buna layiq deyildilər. Təəssüf ki, Azərbaycan futbolu yenə belə klubları itirməyə davam edir.

“Mənə elə gəlir ki, məhz regionlarda belə komandalar yaratmaq lazımdır. Çünki futbol məhz regionlarda inkişaf edir. Bakıdakı oyunlara nə qədər azarkeş gəldiyini özümüz də görürük. Kimə lazımdı axı boş tribuna qarşısındakı oyunlar?"

Zədədən əziyyət çəkən Əmirquliyev meydana qayıtması ehtimalından da söz açıb:

“İndi özümü daha yaxşı hiss edirəm. Bir müddət Almaniyada həkim nəzarətində oldum. Həkimlər mənə xüsusi bərpa proqramı veriblər. Ona uyğun çalışıram. “Qarabağ”ın toplanışına qədər tam hazır olacağam. Bu, Çempionlar Liqasına daha yaxşı hazırlaşmağıma kömək edəcək”.
OXŞAR XƏBƏRLƏR