Leykamiyadan əziyyət çəkənlər haqda videorolik çəkilir
Bütün Xəbərlər
14:32 18.01.2012
1598
Azərbaycan Tədris Akademiyasının tərkibində fəaliyyət göstərən “Art School” və “Leykemiya ilə mübarizə” İctimai Birliyi leykamiyadan əziyyət çəkən uşaqlar haqda sosial video rolik çəkəcək. Bu haqda AZXEBER.COM-a rolikin rejissoru Ramil Ağasıyev məlumat verib. Onun dediyinə görə, videorolikin çəkilməsində əsas məqsəd dövlətin marağını bu sahəyə cəlb etməkdir: "Statistikaya görə, dünyada hər 100 min insandan 13-ü bu xəstəliyə tutulur. Ancaq ümumilikdə götürdükdə potensial olaraq hər bir kəs bu xəstəliyə tutula bilər. Azərbaycanda da hazırda 300-dən çox uşaq bu xəstəlikdən əziyyət çəkir. Amma çox təəsüf ki, onlar ölkəmizdə müalicə ala bilmirlər. Müalicə üçün İran, Rusiya kimi ölkələrə gedirlər. Çünki Azərbaycanda qan xərçəngiylə mübarizə üçün lazımi avadanlıq yoxdur. Bizim bu roliki çəkməkdə əsas məqsədimiz dövlətin bu sahəyə marağını artırmaqdır”. Ağasıyev həmçinin qeyd edib ki, videorolik xəbər portallarında və televiziya kanallarında nümayiş olunacaq.