Azərbaycan və Rusiya xalqlarımızın köklü maraqlarının bünövrəsi üzərində qarşılıqlı faydalı strateji əməkdaşlığın və qarşılıqlı humanitar mübadilənin yeni formulunu quraraq, tarixən yaranmış əlaqələri qoruyub-saxlayıb və artırıblar.
Bu barədə Rusiya Azərbaycan Gənclər Təşkilatının (RAGT) sədri və IDEA təşkilatının təsisçisi Leyla Əliyevanın sentyabrın 25-də “Rossiyskaya qazeta”da dərc olunmuş “Azərbaycan – Rusiya: effektiv uğur formulu. İctimai diplomatiya ikitərəfli münasibətlərə təkan verir” məqaləsində deyilir.
Heydər Əliyev Fondunun vitse-prezidenti, beynəlxalq “Bakı” jurnalının baş redaktoru öz məqaləsində qeyd edir ki, bizim nəslin çoxillik dayaqların köklü şəkildə sındığı, idealların, humanizm və dözümlülük kimi əbədi ümumbəşəri mənəvi dəyərlərin şüurlu şəkildə dağıldığı onillikləri yaşamasına baxmayaraq, əsrlər boyunca həm Rusiya, həm də Azərbaycanın nümayəndələri ilə fəxr etdiyi həmin mədəniyyətlə dəstəklənib və tərbiyə olunublar.
Bundan sonra L.Əliyeva diqqəti qədim zamanlardan yüksək tolerantlıq atmosferi ilə tanınan Azərbaycandakı əlverişli vəziyyətə cəlb edir, “Bakıda bir küçədə yerləşmiş müsəlman məscidi, pravoslav kilsəsi, katolik kosteli, yəhudi sinaqoqunun isə belə atmosferə sübut və həm də onun nəticəsi olduğunu” bildirir.
Müəllif təsviri incəsənət, memarlıq, ədəbiyyat və qarşılıqlı mədəni əlaqələrin digər sahələrində əməkdaşlığa nümunələr gətirir. Heydər Əliyev Fondunun humanitar siyasətindən danışan Leyla Əliyeva yazır ki, 2004-cü ildə fondun yaradıldığı ilk günlərdən xeyriyyəçiliyə yardım etmək qarşıya məqsəd qoyulub.
Heydər Əliyev Fondunun xətti ilə Parisdə Versal sarayının parkında abidələr bərpa olunur, Strasburqda Müqəddəs Mariya Kafedral kilsəsinin yenidən qurulmasına yardım göstərilir. Pakistanda qızlar üçün zəlzələdən zərər çəkmiş məktəb yenidən qurulub. Hollandiya, Rumıniya, Misir və Rusiya da daxil olmaqla, bir çox başqa ölkələrdə tədris müəssisələri müasirləşdirilir. Məsələn, Heydər Əliyev Fondunun təşəbbüsü ilə Rusiya Federasiyasının Həştərxan vilayətində 11 saylı məktəb əsaslı təmir edilib.
“Fəaliyyət göstərdiyi qısa vaxt ərzində mənzil qərargahı Azərbaycanda yerləşən Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq (IDEA) təşkilatı gənclərin maarifləndirilməsi və ətraf mühitin mühafizəsi sahəsində, o cümlədən də transsərhəd layihələrin həyata keçirilməsində uğurlara nail ola bildi”.
“Azərbaycan və Rusiyanın gənclər təşkilatları arasında sıx əlaqələri nəzərə alaraq, son vaxtlar müşahidə etdiyimiz tendensiyalar bu münasibətlərin iki çox yaxın, dost xalqların münasibətləri kimi qaldığından inamla danışmağa imkan verir. Bir neçə ildən sonra bütün sahələrdə daha dərin iqtisadi, investisiya qarşılıqlı əlaqəsi səviyyəsini, dərin əməkdaşlıq səviyyəsini təsbit edə biləcəyimizə ümid bəsləmək olar ki, bu da Azərbaycan-Rusiya qarşılıqlı münasibətlərinin gələcək təkamülündən danışmağa imkan verir” – deyə, ictimai xadim Leyla Əliyeva yekunda qeyd edir.