‘Leyla Yunus heç vaxt milli məsələlərdə xeyirli bir söz deməyib’

‘Leyla Yunus heç vaxt milli məsələlərdə xeyirli bir söz deməyib’
Bütün Xəbərlər
01:41 22.01.2013
1132

“Azərbaycan tərəfi heç vaxt nəinki Avropa Şurası Parlament Assambleyasında (AŞPA), ümumiyyətlə heç bir beynəlxalq təşkilatda hansısa şəxsi satın almır, rüşvət təklif eləmir”.

Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Mübariz Qurbanlı hüquq müdafiəçisi Leyla Yunusun Azərbaycan hökumətinin bir qrup avropalı deputatı ələ alması ilə bağlı iddiasınıAPA-ya belə şərh edib. Xatırladaq ki, Avropa Şurasının baş katibi Tyorborn Yaqland son vaxtlar parlamentarların nizam-intizam qaydalarına riayət etmələri məsələsinə xüsusi diqqət ayırdığını vurğulayıb. O, bununla bağlı qurumun nizam-intizam qaydalarına yeni müddəaların əlavə olunduğunu bildirib. Leyla Yunus isə deyib ki, guya yeni qayda Azərbaycanla bağlı gündəmə gətirilib. M. Qurbanlı isə Leyla Yunusun iddialarını əsassız adlandırıb:

“Leyla Yunus 1992-ci ildən bu cür iddialarla çıxış edir. O heç vaxt milli məsələlərdə xeyirli bir söz deməyib. İndi də belə yersiz iddialarla çıxış edir. Axı biz niyə kimisə satın almalıyıq?! Biz dünyanın heç bir yerində heç kimi satın almağa ehtiyac da duymuruq. Xalqına arxalanan hakimiyyət kimisə satın almağa çalışmır və buna cəhd də eləmir. Leyla Yunus özü kimlərsə konyuktur əlaqələr qurur və konyuktur maraqlar naminə hansısa iddialar irəli sürür. Bizim AŞPA-da kimisə satın almaq faktımız heç bir yerdə göstərilməyib və Leyla Yunus bunu özündən uydurur”.

Qeyd olunan bəyannaməyə münasibət bildirən Mübariz Qurbanlı deyib ki, bu qaydalar dünyanın hər yerində var: “Hədiyyə müəyyən miqdara qədər hesablanır və nəzərdə tutulan rəqəmdən çox hissəsi dövlət büdcəsinə ödənilir. Bu qərarı birbaşa Azərbaycana bağlamaq isə gülünc olardı. AŞPA üzvlərinin sayı kifayət qədər çoxdur və yalnız Azərbaycanda deyil, başqa ölkələrdə də seçkiləri müşahidə edirlər. Yəni Azərbaycanda seçkilər müşahidə olunmur ki, onları satın almaqla bağlı ittiham birbaşa bizə aid olsun”.

Mübariz Qurbanlı bildirir ki, AŞ PA-da Azərbaycanı 12 nəfərlik nümayəndə heyəti təmsil edir və ölkəmiz bu qurumda çox yüksək səviyyədə təmsil olunur:

“Avropa Şurasında indiyə kimi heç kəs bizim deputatlarımızın orada kiməsə nə isə verib, hansısa sənədin qəbuluna cəhd etməsi barədə rəsmi açıqlama verməyib. Bu, bizim daxilimizdə olan bəzi şəxslərin təxəyyülüdür ki, guya orada hansısa sənəd, ölkədəki seçkilərlə bağlı müsbət rəy hansısa maddi əvəz müqabilində verilir. Bunlar cəfəngiyyatdır”.

OXŞAR XƏBƏRLƏR